Ekspertlər iddiaları cavablandırıblar, əslində bazarda qiymət artımının əsası yox imiş…

 
Mənzil bazarı ilə bağlı çaşqınlıq davam edir. Bu çaşqınlıq və qərarsızlıq təkcə ev satanların bahalıq fürsəti axtarması və potensial müştərilərin gözləmə mövqeyi tutması ilə müşahidə edilmir. Həm də ekspertlərin fərqli, hətta təzadlı proqnozlar verməsi ilə diqqət çəkir. Bu isə ekspertlərin bu məsələdə maraqlı tərəf kimi çıxış etməsi ilə bağlı iddiaların ortaya çıxmasına səbəb olur. Mənzil bazarı üzrə ekspertlər bu iddialara cavab veriblər. 
Ekspert Ramil Osmanlı bildirib ki, yaxın gələcəkdə qiymətlərin düşəcəyi ehtimalı var: “Hələ ki, mənzillərin qiymətləri ucuzlaşma istiqamətində davam edir. Yəni böyük ehtimalla yaxın aylarda ucuzlaşma davam edəcək. Qiymət azalmasının səbəbləri də hər kəsə məlumdur. Artım üçün hələ ki ciddi iqtisadi əsas yoxdur”.
 
R.Osmanlı ekspertlərin qəsdən yanlış informasiyanı ictimailəşdirməsinə də toxunub: “Ziddiyyətli açıqlamaların səbəbini deyə bilmərəm. Hesab edirəm ki, ümumiyyətlə daşınmaz əmlak bazarında heç bir araşdırma aparmayan, bu sahədə fəaliyyət göstərməyən adamın birdən-birə durub daşınmaz əmlakla bağlı bir-iki il müddəti əhatə edən proqnoz verməsi doğru deyil. Bunun qəti şəkildə əleyhinəyəm. Nəzərə alaq ki, Azərbaycan bazarında indikatorlar yoxdur. İndikatorlar olmayan bazarda uzunmüddətli proqnozların verilməsi düzgün də deyil. Nəzəri baxımdan düzgün deyil, həm də praktik olaraq Azərbaycan bazarı üçün xarakterik deyil. O ki qaldı bu informasiyaların arasında ziddiyyətlərə, qiymət artımı üçün ciddi əsaslar olmalıdır. Bu əsaslar makroiqtisadi faktorlardır. Əhalinin gəlirləri artmalıdır. Neftin qiymətində ciddi artım baş verməlidir. Ölkəyə daxil olan vəsaitlərin həcmi artmalıdır. Bunlar baş vermədiyi təqdirdə, mənzil bazarında artımdan danışmaq olmaz. Həmçinin hökumətin tikinti-infrastruktur layihələrinə ayırdığı vəsaitlərin həcmi artmalıdır ki, bu da mövcud deyil. Belə olan təqdirdə, hesab edirəm ki, qiymət artımından danışmaq düzgün deyil, ümumiyyətlə, yolverilməzdir”.
 
Ekspert Rəşad Əliyev isə musavat.com-a deyib ki, fevral ayında bazarda aktivləşmə var idi: “Alqı-satqı əməliyyatlarının artımı müşahidə edildi. Bunun da iki səbəbi var idi. Birinci səbəb bank sektorunda, depozitlərdə pul axınının davam etməsi idi. Həmin pul axını 2015-ci ilin sonunda və 2016-cı ilin əvvəlində davam etmişdi. Bu pulların da bir hissəsi əmlak bazarına gəlmişdi. Bazarda aktivliyi yaradan ən başlıca amil məhz bu olmuşdu. İkinci amil ondan ibarətdir ki, qiymətlərin daha da azalmasını gözləyən alıcılar var, onların artıq bir hissəsi hesab edir ki, qiymət enməsi davam etməyəcək. Uzun müddət gözləyirlər, psixoloji cəhətdən gözləməyə tab gətirə bilmirlər. Bu səbəbdən fevralda aktivləşmə oldu və bu, gözlənilirdi”. Ekspert ziddiyyətli açıqlamaların olmasını bu şəkildə izah edib: “Məsələn, fevraldakı aktivləşmənin səbəbini dedim. Bazara çoxlu həcmdə pul daxil olmuşdu. Bu aktivləşmə də bəzilərində rəy yaratdı ki, bazarda canlanma var. Bazarda canlanmanın fundamental əsası yox idi. Bu, texniki xarakter daşıyan hadisə idi. Bazara pul daxil olmuşdu. Bu formada pulun bazara axması isə sonsuz ola bilməz, davam edə bilməz. Ona görə bazarın aktivləşməsi bəzi insanlarda illüziya yaratdı ki, mənzil bazarı dirçəlir. Ancaq bu, müvəqqəti xarakter daşıyırdı”.