Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlərindən indiyədək 305 min nəfər istifadə edib. Komitədən fins.az-a verilən məlumata görə, təkcə ötən il fiziki və hüquqi şəxslər tərəfindən 141 mindən çox elektron müraciət qəbul edilib.

Hazırda ƏMDK 3 SMS və 31 elektron xidmət, o cümlədən 3 onlayn xidmət göstərir. Bu xidmətlər həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də komitənin elektron xidmətlər portalı (www.e-emdk.gov.az) üzərindən təqdim olunur. 31 elektron xidmətdən 21-i daşınmaz əmlakın qeydiyyatı, 10-u isə dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsi ilə bağlıdır. Qeydiyyatla bağlı xidmətlərə daşınmaz əmlaka dair çıxarışlar, ipoteka, dövlət reyestrindən məlumatların verilməsi və s. aiddir.

Bundan başqa, elektron xidmətlərin vasitəsilə özəlləşmə prosesinə də qatılmaq olar: «Səhmdar cəmiyyətlərin səhmlərinin, kiçik dövlət müəssisə və obyektlərin, yarımçıq tikililərin, nəqliyyat vasitələrinin özəlləşdirilməsinə dair hərraclarda iştirak üçün sifarişlərin elektron qəbulu kimi xidmətlər də mövcuddur»-deyə komitənin məlumatında deyilir.

30 mindən artıq ipoteka qeydiyyatı

Təhlillər göstərir ki, vətəndaşların böyük əksəriyyəti daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron xidmətlərə müraciət edir. Belə ki, indiyədək yalnız daşınmaz əmlakın qeydiyyatı üzrə 21 elektron xidmətdən istifadə sayı 70 mindən çox olub.  Komitənin www.e-gov.az portalı üzərindən ən çox istifadə olunan elektron xidməti ipoteka əməliyyatlarının dövlət qeydiyyatı və ləğvi ilə bağlı xidmətlərdir.

Bu xidmət üzrə indiyədək 30 mindən çox müraciət qeydə alınıb. İkinci yerdə 11 mindən çox müraciət sayı ilə dövlət reyestrindən məlumatın verilməsi barədə elektron xidmət dayanır. Ümumilikdə isə, indiyədək vətəndaşlardan elektron və onlayn xidmətlər vasitəsilə mülkiyyətin dövlət qeydiyyatı üzrə 298 mindən çox müraciət daxil olub.

Özəlləşdirmə üçün 7 min müraciət edilib

Komitənin digər fəaliyyət sahəsi olan dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsinə dair elektron xidmətlər üzrə 7 mindən çox müraciət qəbul edilib. Bu fəaliyyət sahəsi üzrə elektron xidmətlərin içərisində ən çox istifadə edilən xidmət dövlət əmlakının qorunub saxlanmasına dair illik xüsusi hesabat formasının elektron qəbulu xidmətidir. Belə ki, müraciətlərin böyük əksəriyyəti bu elektron xidmətin payına düşür. Eyni zamanda, komitə tərəfindən səhmdar cəmiyyətlərin, orta və kiçik müəssisələrin, nəqliyyat vasitələrinin özəlləşdirilməsi üçün keçirilən hərraclarda iştirak üçün sənəd qəbulu elektron xidmət vasitəsilə aparılır. Belə xidmətlər sırasında nəqliyyat vasitələri barədə keçirilən hərraclar üçün elektron sifarişlərin sayı digər xidmətlərin statistikası ilə müqayisədə daha üstündür.

SMS-lə icarə borcunu öyrən

Komitənin təqdim etdiyi SMS xidmətləri isə əmlakın qeydiyyatına görə xidmət haqqının öyrənilməsi, qeydiyyat prosesinin hansı mərhələdə olmasının öyrənilməsi, eləcə də dövlət əmlakının icarə haqqıborcunun öyrənilməsinə aiddir. Bu xidmətlərdən istifadə etmək üçün mobil telefonlardan 9193 nömrəsinə SMS göndərmək lazımdır.

Onlayn Forma-1

Komitənin onlayn xidmətləri də rahatlığı və operativliyi artırıb. Bu xidmətlərən ən əsası Forma-1 arayışlarının notariuslarda onlayn alınmasıdır. Artıq həmin arayışı almaq üçün ərazi qeydiyyat idarələrinə müraciət etməyə ehtiyac qalmayıb. Digər onlayn xidmət vasitəsilə hər bir əmlak sahibi öz əmlakı barədə dövlət reyestrində olan rəsmi məlumatlarla onlayn rejimdə tanış ola bilir. 3-cü onlayn xidmət isə notariuslarda rəsmiləşmiş daşınmaz əmlaka dair təkrar bazarda alqı-satqı sənədlərinin onlayn rejimdə ərazi qeydiyyat idarəsinə göndərilməsini təmin edir. Bununla da, vətəndaşların notariusdakı alqı-satqı əməliyyatından sonra yenidən ərazi qeydiyyat idarəsinə getmək proseduru aradan qalxıb.