İqtisadiyyat Nazirliyi tərəfindən Mənzil Məcəlləsinin və bu sahədə qəbul olunmuş normativ-hüquqi aktların müddəalarının təbliği, çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqinin sürətləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Nazirliyin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görülən işlərin davamı olaraq, Bakı şəhərində ayrı-ayrı bələdiyyələrlə, eləcə də Sumqayıt və Mingəçevir bələdiyyələri ilə görüşlər keçirilib, dəyirmi masalar təşkil olunub.

Görüşlərdə bazar iqtisadiyyatı şəraitində yaşayış sahələrinin idarə edilməsi işinin təşkilində yerli özünüidarəetmə orqanlarının rolu, hüquq və vəzifələri, mənzil mülkiyyətçilərinin ümumi yığıncaqlarının keçirilməsi qaydası və digər məsələlər barədə məlumatlar verilib, müvafiq qanunvericiliyin müddəalarını özündə əks etdirən broşurlar və kitabçalar paylanıb, bələdiyyə əməkdaşlarını maraqlandıran suallar cavablandırılıb.

Eyni zamanda, sakinlərin mənzil qanunvericiliyi, eləcə də yeni idarəetmə üsulları barədə məlumatlandırılması və bu sahədə onlara hüquqi və texniki yardımın göstərilməsi üçün İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Bakı şəhərinin Nizami və Nəsimi bələdiyyələrinin nəzdində Maarifləndirmə mərkəzləri yaradılıb.

Bundan başqa, Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı şəhərinin Binəqədi rayonunda, həmçinin Sumqayıt və Mingəçevir bələdiyyələrinin dəstəyi ilə Sumqayıt və Mingəçevir şəhərlərində də analoji mərkəzlər yaradılıb, bununla da bu cür mərkəzlərin sayı 5-ə çatıb.

Hazırda Mənzil Məcəlləsinin və digər hüquqi sənədlərin tələbləri barədə çoxmənzilli bina sakinlərinin məlumatlandırılması məqsədilə ölkənin digər şəhər və rayonlarının bələdiyyələri ilə işgüzar əməkdaşlığın qurulması istiqamətində müvafiq işlər davam etdirilir.