“Son ayda Bakının Binəqədi və Nərimanov rayonlarında yeni tikililərdə bahalaşma qeydə alınıb. Köhnə tikililər üzrə təklif edilən mənzillərin əksər hissəsi Binəqədi, Nəsimi, Nərimanov və Yasamal rayonlarında qeydə alınıb”.

Bu barədə AzVision.az-a MBA Consalting şirkətinin direktoru Nüsrət İbrahimov bildirib. O, qeyd edib ki, fevral ayı üzrə müşahidələr göstərir ki, ilkin yaşayış mənzil bazarında satışa təklif olunan “pod moyak” yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti ABŞ dolları ilə ifadədə 661 $/кv.m-dən 13.7% artaraq 752 $/кv.m-ə qədər, milli valyuta ilə isə ay ərzində 1025 AZN/кv.m-dən artaraq 1166 AZN/кv.m bəndində qərarlaşıb.

Onun sözlərinə görə, bazarın bu seqmenti üzrə təklif edilən mənzillərin əksər hissəsi 800 $/kv.m qiymətindən aşağı olan ucuz mənzillərdir, bu dəyərdə olan mənzillər ümumi portfelin 60.7%-ni təşkil edir və qeydə alınan orta bazar qiyməti 561 $/kv.m-dir. Bahalı növ mənzillərdə qeydə alınan orta bazar qiyməti isə 1567 $/kv.m təşkil edib.

Consaltinq direktoru bildirib ki, 2016-cı ilin fevral ayında mənzil alqı-satqılarının sayında ötən aya nisbətən canlanma müşahidə edilib ki, buda öz növbəsində təklif portfelinin artmasına gətirib çıxardıb. Onun sözlərinə görə, ümumilikdə ilkin mənzil bazarında təklif həcmi 116% artıb. Son yanvar ayında ümumi təkliflərin sayı 294 olduğu halda, bu rəqəm fevral ayında 636 təşkil edib. Qeydə alınan ümumi təkliflərin sayı ötən ilin müvafiq ayı ilə müqayisədə isə -18.4% azalıb. Son bir il ərzində bazara satış üçün təklif edilən ilkin yaşayış mənzillərinin maksimal həcmi 2015-ci ilin fevral ayında qeydə alınıb:

“İlkin mənzil bazarında təklif edilən mənzillərin otaq strukturna gəldikdə, əvvəllər də olduğu kimi ümumi təklif payında daha çox iki və üç otaqlı mənzillər üstünlük təşkil edirlər. Təklif portfelində satışa çıxarılan “pod moyak” mənzillərin sayında Yasamal rayonu aparıcı mövqe tutur. Növbəti böyük paya malik olan rayonlar isə Nəsimi və Xətai rayonlarıdır ki, hər biri ümumi təklif portfelinin 17.5%-ni təşkil edib. Təklif üzrə ən az paya sahib olan rayonlar isə Xəzər və Qaradağ rayonları qeydə alınıb. Ötən ay ərzində ilkin mənzil bazarında bütün növ otaqlı mənzillərin orta təklif qiymətində artım müşahidə edilib. Birotaqlı mənzillərin orta təklif qiyməti ay ərzində 10.4% artaraq 682 $, ikiotaqlı mənzillərin orta təklif qiyməti 10.6% artaraq 754 $, üçotaqlı mənzillərin orta təklif qiyməti isə 9.1% artaraq 741 $ təşkil edib. Son ayda otaqlar üzrə qiymətlərin bu həddə artmasına səbəb kimi, əmlak bazarındakı passivliyin aktivlik ilə əvəz olunması ilə yanaşı bazarda təklif olunan ucuz mənzillərin satılaraq satışdan çıxarılmasını göstərmək olar. Ay ərzində təklif qiyməti ən çox artım Binəqədi və Nərimanov rayonlarında müşahidə edilib, azalma isə yalnız iki rayonda, Nizami və Sabunçu rayonlarında qeydə alınıb. Ötən fevral ayında aktivlik əmsalına görə ən cəlbedici rayonlar Nəsimi, Yasamal və Xətai rayonları olub”.

N.İbrahimov təkrar mənzil bazarında da qiymətlər dəyişməz olaraq qaldığını bildirib. O, qeyd edib ki, aylıq orta qiymət göstəricisi dollar ilə ifadədə 1009 $/кv.m-dən 1.0 % artaraq 1019 $/кv.m, milli valyuta ilə isə ay ərzində 1604 AZN/кv.m-dən 1620 AZN/кv.m bəndinə qədər yüksəlib. Onun sözlərinə görə, 2016-cı ilin fevral ayında mənzil satıcılarının sayında ötən aya nisbətən canlanma müşahidə edilib ki, buda öz növbəsində təklif portfelinin artmasına gətirib çıxardıb.

“Ümumilikdə təkrar mənzil bazarında təklif həcmi 53% artıb. Son yanvar ayında ümumi təkliflərin sayı 955 olduğu halda, bu rəqəm fevral ayında 1458 təşkil edib. Qeydə alınan ümumi təkliflərin sayı ötən ilin müvafiq ayı ilə müqayisədə isə -27% azalıb. Ötən aylarda olduğu kimi bu ay da, təklif edilən mənzillərin əksər hissəsi Binəqədi, Nəsimi, Nərimanov və Yasamal rayonlarında qeydə alınıb və onların ümumi payı 63.9%-ə bərabər olub. Təklif üzrə ən az paya sahib olan rayonlar isə Xəzər və Suraxanı rayonları qeydə alınıb”.

Son günlər köhnə mənzillərin bahalaşmasına münasibət bildirən N. İbrahimovun sözlərinə görə, satıcılar tədricən əmlaklarını dollarla bazara təklif edirlər. Manatın məzənnəsi son günlər davamlı azaldığından qiymətlərin də manatla ifadədə artımı qaçılmaz olur.