Bakıda yeni tikilən binalarda satışda olan ən ucuz və ən bahalı mənzillər açıqlanıb. Fins.az-ın «MBA GROUP» konsaltinq şirkətinə istinadən məlumatına görə, hazırda paytaxtda satılan ən bahalı «novostroyka» mənzil Nəsimi rayonunda yerləşir. Nəsimi rayonunda, “Cavanşir” körpüsünün yaxınlığında yerləşən 5 otaqlı, sahəsi 235 m2 olan tam təmirsiz mənzilin kvadrat metrinin satışa təklif olunan ilkin qiyməti 2528 USD təşkil edib. Mənzilin ümumi satış qiyməti 594 min dollar və ya 980 min manat təşkil edir. Kvadratmetrinin qiymətinə görə ən ucuz «novostroyka» mənzil isə Suraxanı rayonunda yerləşir. Suraxanı rayonu, “Yeni Günəşli” qəsəbəsində yerləşən, ümumi sahəsi 108 m2 olan 3 otaqlı yeni tikili mənzil bazara 269 USD/kv.m qiyməti ilə təklif edilib.