“Bu halda düşünmək olar ki, qiymətlərdə aktivlik yaranacaq”.

Bakının Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarındakı köhnə binalar söküləcək.

Bununla bağlı Nazirlər Kabineti “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərar qəbul edib.

Qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Sözsüz ki, hər hansı söküntü işləri bazara təsirsiz ötüşmür.

Oxu.Az bu məsələni daşınmaz əmlak bazarı üzrə mütəxəssislər ilə dəyərləndirib.

“Ümumiyyətlə, hər hansı bir söküntü baş verdikdə, bu daşınmaz əmlak bazarına, xüsusən də mövcud bazara təsiri böyük olur. Düzdür, bu qısa müddətdə olur, amma təsiri böyük olur. Bu baxımdan, yəqin ki, Nazirlər Kabinetinin qərarı bazara təsirsiz ötüşməyəcək. Amma hələ ki gözləmək lazımdır ki, verilən qərar nə vaxt həyata keçiriləcək. Amma bu gün, hələ ki, bazarda sakitlikdir. O sahədən bazara təsir hiss edilmir”, – deyə “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov Oxu.Az-a açıqlamasında bildirib.

Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin sədri Ramil Osmanlı isə hesab edir ki, qərar 1 illik müddəti əhatə etsə idi, bu halda qiymətlərdə aktivlik müşahidə oluna bilərdi:

“Bu qərar 5 illik müddəti əhatə edir və həmin qərar təqribən 15 mindən bir qədər artıq mənzili əhatə edir. Hesab edirəm ki, 5 il ərzində 15 mindən artıq mənzilin sökülüb, yenisi ilə əvəzlənməsi bazarda ciddi bir dəyişikliyə gətirib çıxara bilməz.

Bu qərar 1 illik müddəti əhatə etsə idi, bu halda düşünmək olardı ki, bu bazara təsir edəcək və qiymətlərdə aktivlik yaradacaq”.

Xatırladaq ki, adları çəkilən rayonların İcra Hakimiyyəti orqanlarına söküntü işləri ilə bağlı müvafiq tapşırıqlar verilib. Söküntü işləri 5 il müddətində icra olunacaq. Qərar ümumilikdə 15 857 mənzili əhatə edir.

Onu da əlavə edək ki, qərar fevralın 25-dən qüvvəyə minib.