Rayon İH-nin şöbə müdiri Elmar Əlizadə: “Biz bu işlərə xeyli müddət öncədən başlamışıq”
Bakıda köhnə yaşayış binalarının sökülməsi ilə bağlı qərar qəbul edilib. Qərara əsasən Bakının 10 rayonunda şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən binalar söküləcək.
Söküntü işlərinin aparılacağı rayonların sırasına Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbayel, Pirallahı, Xəzər daxildir. Adı çəkilən rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Nazirlər Kabinetində qərar da qəbul edilib. Qərara əsasən planlaşdırılan işlərin 5 il ərazində yerinə yetirilməsi ilə bağlı adı çəkilən rayonların icra hakimiyyətlərinə tapşırıq verilib.
Qeyd edək ki, qərara əsasən köhnə binaların yenisi ilə əvəz edilməsi dövlət büdcəsi hesabına başa gəlməyəcək. Nazirlər Kabinetinin qərarına əsasən hazırda qəzalı vəziyyətdə olan köhnə binaların yerində ucalacaq binalar tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq. İcra hakimiyyəti hansı tikinti şirkəti ilə razılıq əldə edərsə, həmin şirkət qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökəcək, onların yerində yeni yaşayış binası tikənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayəyə köçməsini təmin edəcək, sonra isə yeni tikiləcək yaşayış binalarında həmin ailələri mənzillə təmin edəcəklər. Bu qərar mart ayının 1-dən etibarən qüvvəyə minib.
Baş nazirin imzaladığı qərara əsasən Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 mənzildən ibarət 219 yaşayış binası sökülərək yeni binalarla əvəzlənəcək.
Sökülməsi nəzərdə tutulan binalar əsasən, 1, 3 mərtəbəli yaşayış evləri və 4 mərtəbəli “xruşovka” tipli binalardır. Həmin yaşayış binaları əsasən Ziya Bünyadov, Xətai prospektlərində, Təbriz və Qarabağ küçələrində yerləşir.
Nərimanov Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Elmar Əlizadə “Yeni Müsavat” qəzetinə Nazirlər Kabinetinin yeni qərarı ilə bağlı görüləcək işlərlə bağlı məlumat verdi.
Onun sözlərinə görə, verilən yeni qərara əsasən sökülməsi nəzərdə tutulan yaşayış binaları ilə bağlı yeni layihə rayon icra hakimiyyəti başçısının rəhbərliyi ilə yaxın zamanlarda hazırlanacaq və icrasına başlanılacaq. İcra hakimiyyətinin rəsmisi qeyd etdi ki, bu günədək rayonda köhnə yaşayış binalarının yenisi ilə əvəzlənməsi, əsaslı şəkildə təmir edilməsi, üz fasadının yenilənməsi ilə bağlı son bir neçə ildə böyük işlər görülüb: “Bu vaxtadək görülən işlər yüksək səviyyədə həyata keçirilib. Köhnə binaların yenisi ilə əvəz olunması zamanı heç bir problem yaşanmayıb. Sakinlər təmir işləri davam edənədək istədikləri şəraitdə evlərə köçürülüb. Qısa zamanda bina hazır olduqdan sonra öz mənzillərinə qayıdıblar. Yeni mənzillər könələrdən ən az 30 faiz daha geniş olub. Düşünürəm ki, yeni qərarın icra edilməsi bizim üçün asan olacaq”.
E.Əlizadə bu günədək rayonda görülən abadlıq və quruculuq işləri ilə də bağlı ətraflı məlumat verdi.
Bakının ən xoşagələn və diqqət mərkəzində olan rayonlarından biri olan Nərimanovda bir neçə park salınıb, yaşayış binalarının həyətində abadlıq işləri görülüb, əksər binaların fasadı yenilənib, bir neçə köhnə bina sökülərək yenisi ilə əvəzlənib. Rayonun mərkəzi sayılan Atatürk, Xətai, Heydər Əliyev prospektlərində, Fətəli Xan Xoyski, Gülarə Qədirbəyova, Təbriz, Həsənoğlu, Əlövsət Əbdülrəhimov küçələrində binaların böyük əksəriyyətinin üz fasadı yenilənib, binaların həyətində abadlıq işləri görülüb.
Akademik Həsən Əliyev, Koroğlu Rəhimov, Əhməd Rəcəbli küçələrində, Xətai prospektində yerləşən bəzi binalarda təmir və üz fasadlarının yenilənməsi işlərinin yaxın zamanlarda görülməsi nəzərdə tutulur.
İcra hakimiyyəti rəsmisi onu da qeyd edib ki, rayon ərazisində binaların üzlənməsi zamanı penoplastdan istifadə olunmayıb: “Rayon ərazisindəki binalar heç vaxt təhlükəli material hesab olunan penoplastla üzlənməyib. Yalnız Təbriz küçəsində iki bina üzlənmişdi. Onlar da söküldü. Binalar əsasən aqlayla üzlənib”.
“Gənlik” metro stansiyasının çıxışında yerləşən məşhur “Gənclik” mehmanxanası da əsaslı şəkildə təmir olunub və yaxın zamanlarda istifadəyə verilməsi planlaşdırılır.
Rayonun ən böyük istirahət parkı olan “Atatürk parkı”nda da təmir işləri davam etdirilir. Parkın “Gənclik” metro stansiyası tərəfə olan hissəsi tam şəkildə təmir olunub və abadlıq işləri yekunlaşdırılıb. Parkın digər hissəsi isə yaxın zamanlarda təmir olunacaq.
Əvvəldə də qeyd etdiyimiz kimi bir neçə yaşayış binaları sökülərək yenidən tikilib. Bu binalar Heydər Əliyev prospektində və Əlövsət Əbdülrəhimov küçələrindədir. Burada yerləşən 3 və 4 mərtəbəli yaşayış binaları sökülərək əvəzində 6 və 8 mərtəbəli binalar tikilib.
İcra hakimiyyətinin rəsmisi Elmar Əlizadə bildirdi ki, bu binaların söküntüsü zam
anı Əlövsət Əbdülrəhimov küçəsində yerləşən binalardan təxminən 300, Heydər Əliyev prospektindəki binalardan isə təxminən 400 ailə başqa mənzillərə köçürülüb: “Təmir-tikinti işləri ayrı-ayrı binalarda 1-2 il müddətində davam etdi. Bu müddət ərzində sakinlərin yaşadıqları mənzillərin kirayə haqları icra hakimiyyəti tərəfindən, əvvəlki mənzillərdəki otaqların sayına görə ödənildi”.
Son illər ərzində görülən işlər sırasında Əlövsət Əbdülrəhimov və Fətəli Xan Xoyski küçələrinin kəsişməsində (Prezident iqamətgahının qarşısında) “Gənclik” parkı salınıb.
E.Əlizadənin sözlərinə görə, bu park sakinlərin istirahəti üçün nəzərdə tutulmaqla yanaşı sürücülərin işini də asanlaşdırır. Belə ki, parkın altında 800 maşının istifadəsi üçün nəzərdə tutulan avtomobil dayanacağı var. Müasir standartlara cavab verən dayanacaqdan istifadə edən sürücülərin rahatlığını təmin etmək üçün lift və eskalator da quraşdırılıb.
Rayon ərazisinə bir qrup “Sovetski” sakinləri də köçürülüb. Koroğlu Rəhimov küçəsində yerləşən və əvvəllər qaçqın və məcburi köçkünlərin məskunlaşdığı bina yenidən əsaslı şəkildə təmir olunaraq “Sovetski” sakinlərinin istifadəsinə verilib.
Şöbə müdirinin sözlərinə görə, binaya 92 ailə köçürülüb: “Əvvəl bu binada qaçqın və məcburi köçkünlər yaşayırdı. Onlar Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi tərəfindən köçürüldülər. Komitə tərəfindən tikilən binalarda onlara yeni mənzillər verildi. Bu binada isə 92 ”Sovetski” sakini məskunlaşdırıldı. Onlar “Sovetski”də mənzillərinin kvadratmetri az olan evlərin sakinləridilər”.
İcra hakimiyyətinin rəsmisi rayonda görülən işlərlə bizi tanış edərkən Heydər Əliyev prospektində yaşayan sakinlərin də görülən işlərə münasibətini öyrəndik. H.Əliyev prospekti, bina 85-də yaşayan İradə Şahbazova deyir ki, yaşadıqları binanın əsaslı şəkildə təmir olunmasından sonra binanın həyətində uşaqların asudə vaxtlarını keçirməsi üçün şərait də yaradılıb: “Bu binalar köhnə idi. Su və kanalizasiya sistemləri yarasız vəziyyətə düşmüşdü. Binalarda istilik sistemi də yox idi. Ancaq təmirdən sonra binada mərkəzləşdirilmiş istilik sistemi də quraşdırıldı. Yaradılan şəraitdən tam razıyam”.
H.Əliyev prospekti, Bina 79-da yaşayan Mobil Mustafayev də görülən işlərdən razılığını dilə gətirdi: “Əvvəlki binalarda yaşamaq çətin idi. Binaların istismar müddəti başa çatmışdı. Qonşularla öz hesabımıza az da olsa şərait yaratmağa çalışırdıq. Təbii ki, bu, tam şəkildə mümkün deyildi. İndi bina sökülüb və yenidən tikilib. Bu müddət ərzində də kirayə evlərlə təmin edildik. İndi yeni binalarda yaşayırıq”.
İlkin MURADOV