Bir neçə il öncə Bakıda küçədə yaşayan yaşlı və xəstə bir kişi günlərlə medianın gündəmini zəbt etmişdi. Mətbuatın soyuqdan donan paytaxt sakini qocalar evinə yerləşdirmək cəhdləri uğursuz oldu. Məlum oldu ki, qocanın qocalar evinə yerləşdirilməsi üçün şəxsiyyət vəsiqəsi olmalıdır. Təbii ki, şəxsiyyət vəsiqəsinin olması üçünsə, qeydiyyat… Yəni bizdə şəxsiyyət vəsiqəsi hüququ məhz qeydiyyat hüququndan doğur. Əslində isə ölkənin hər bir vətəndaşının, qeydiyyat yerinin olub-olmamasından asılı olmayaraq, şəxsiyyətini təsdiq edən sənədi almaq hüququ var.

Əlbəttə, polis şöbəsində qeydiyyata düşmək kimi bir qanun da var, amma polisdə qeydiyyata düşüb şəxsiyyət vəsiqəsi əldə edənləri heş barmaqla da saymaq mümkün deyil. Məsələn, bir neçə gün öncə Binəqədi rayonunun Biləcəri qəsəbəsində yaşadığı yerdə qeydiyyatı olmayan və ali məktəbə imtahan verməyə hazırlaşan övladı olan ailəyə polisdən “yerimiz yoxdur” deyiblər. Naəlac qalıb uşağı qohumlardan birinin evinə müvəqqəti qeydiyyata salan ailə bundan başqa çıxış yolu görmədi.

Paytaxtın qonaq statusunda qəbul elədiyi sakinlər az qala Bakının yarısını əhatə edir. Məlumdur ki, şəxsiyyət vəsiqəsi olmayan şəxs hüquqi cəhətdən mövcud deyil. İctimai həyatda iştirak etmək, təhsil almaq, işə düzəlmək, müqavilə bağlamaq, kredit götürmək, nikaha daxil olmaq və s. məsələlər üçün mütləq şəxsiyyət vəsiqəsi lazımdır. Həmin şəxsin hətta ölümündən sonra da onun ölüm faktını qeydə almaq üçün şəxsiyyət vəsiqəsinə ehtiyac var.

Nəzərə alsaq ki, yaşayış yerində qeyduyyata düşə bilməmək problemi yeni tikilən binaların əksəriyyətində, o cümlədən, Bakıətrafı kənd və qəsəbələrdə fərdi yaşayış evlərində də yaşanır, vəziyyətin nə qədər kritik olduğunu anlamaq çətin olmaz. Kiçik bir araşdırma aparsaq görərik ki, qonşu Türkiyədə ev almaq istəyən şəxs ilkin ödənişi edən kimi mənzil onun adına sənədləşdirilir və “kupça” verilir. Bizdə isə vətəndaş evin pulunu tam ödəyir, köçüb illərlə yaşayır, amma qeydiyyata düşə bilmir. Hamı bilir ki, “novostroyka” özbaşına tikilmir, tikilirsə, icra hakimiyyətlərindən tutmuş, seysmologiyaya qədər bütün dövlət orqanları ilə razılaşdırılıdır. Maraqlı vəziyyət yaranır: faktiki olaraq evlərin ünvanı var, vətəndaşın kommunal xidmətləri həmin ünvana gəlir və bu ünvanda yaşayan şəxs hər hansı cinayət törədərsə, polis onu məhz həmin ünvanda axtarır. Necə ola bilər ki, tikilib qurtarandan sonra bu evlər hansısa səbədən qeydiyyata alınmasın və nəticədə, evdə yaşayan sakinlər şəxsiyyət vəsiqəsiz qalsınlar və ya başqalarının “böyrünə yamaq olub” yaşasınlar?

Fərdi tikilmiş evlərlə bağlı da eyni sözləri demək olar. Bu evlər ən azı bələdiyyə sənədi əsasında tikilir və tikinti bəzən aylarla çəkir. Əgər bu qanunsuzdursa, nəyə görə tikinti vaxtında dayandırılmır?

“İnşaatçılar” və “28 May” metro stansiyalatının yaxınlığında “kupçasız” evləri götürək. Burada insanlar 40-50 ildir ki yaşayırlar. Təcrübə göstərir ki, bu evlər qanunsuz tikinti kimi sökülmür və sökülməyəcək də. Belə olan halda, bu qədər insanı yaşadığı yerə qeydiyyatsız saxlamağa nə ad vermək olar?

Vəkil Ceyhun Yusifov hesab edir ki, yeni tikilmiş binalarda əslində qeydiyyata durmaq üçün müvafiq olaraq kooperativlə olan müqavilə kifayət etməlidir. Daşınmaz əmlakın dövlət reyesteri xidmətinin verdiyi sənəd isə artıqdır:

“Bu gün Alatava, NZS, Keşlə, “Papanin” və digər onlarla ərazi var ki, orada on minlərlə insan qeydiyyatsız yaşayır. Şəxsin bu cür qeydiyyat hüququndan məhrum edilməsi onu bir çox hüquqlardan məhrum edir – ölkədən giriş-çıxış, seçki hüququ, hətta nikah hüququnu məhdudlaşdırır. Dünya praktikasında, Avropa hüquq institutlarında qeydiyyat hüququ postsovet ölkələrindəki kimi deyil. Bizdə şəxsə şəxsiyyət vəsiqəsinin verilməsi qeydiyyat hüququndan doğur. Buna görə, avtomatik olaraq o hüququn olmaması bir sıra hüquqların məhdudlaşması ilə nəticələnir”.

Hüquqşünas hesab edir ki, bu gün qeydiyyatsız əhalinin qeydiyyata düşmə çətinliyi iki amildən irəli gəlir: şəxs müvafiq olaraq ayrılmış və ya ayrılmamış torpaq sahələrində aparılan tikililərin qeydə alınmasının çətinliyi ilə üzləşir. Müvafiq qeydiyyat orqanı tərəfindən qeydiyyat vəsiqəsinin olmamasına əsaslanaraq, qeydiyyatdan imtina edilir. İkinci tərəfdən, MTK–da qeydiyyat təhvil-təslim olmamasına əasaslanaraq reyestr orqanı həmin mənzilə çıxarış vermir.

“Bunlar lüzumsuz hallardır. Əgər mənzildə yaşayan şəxsin müqaviləsi varsa, hüququ tanınır. Qanunvericilikdə daşınmaz əmlakın qeydiyyatının məcburiyyəti yoxdur. Mən evimi qeydiyyata aldırmaya da bilərəm, müqavilə ilə də yaşaya bilərəm. Əksər hüquqlarımı həyata keçirə bilim, bu kifayətdir. “Novostroyka”larla, MTK-larla bağlı problem isə başqadır. Burada vətəndaş payçıdır. O, müqavilə bağlandığı andan dərhal qeydə alınmalıdır. Bu, vətəndaşın problemi deyil. Həmin MTK ilə inzibati orqanın problemidir”, – deyə C.Yusifov bildiridi.

Hüquqşünas Müzəffər Baxışov isə artıq qeydiyyat yeri olmayanlara şəxsiyyət vəsiqəsinin verilməsində yaranan problemin həll oldunduğunu deyir. Onun sözlərinə görə, əgər əvvəllər yaşayış yeri olmayan vətəndaşlara şəxsiyyət vəsiqəsi verilmirdisə, Konstitusiya məhkəməsinin qərarından sonra kim müraciət edirsə, hər kəs qeydiyyata alınır və şəxsiyyət vəsiqəsi verilir. Mütəxəssis hesab edir ki, hazırda ən böyük problem yaşayış yerində qeydiyyatla bağlıdır:

“Bu, çox ciddi məsələdir. Burada təkcə qeydiyyat deyil, digər problemlərə də şərait yaranır. Onlar əmlak vergisi vermirlər, dövlətə ziyan dəyir. Dəfələrlə beynəlxalq təşkilatlar, hüquqşünaslar, iqtisadçılar hakimiyyət orqanlarına bu problemlərin həll edilməsi ilə bağlı müraciət ediblər. Vətəndaşların yaşadıqları mənzilləri qeydiyyatdan  keçirmək lazımdır. Əslində, bu problemi həll etmək, insanları öz evlərində qeydiyyata almaq lazımdır”.

M.Baxışovun sözlərinə görə, Bakı şəhərində 500 minə yaxın özbaşına tikili var. Hər evdən ən azı 3 ailə üzvünü götürsək, bu o deməkdir ki, təqribən 1 milyon, milyon yarım insan faktiki yaşadığı yerdə qeydiyyata düşə bilməyib.

Millət vəkili Fazil Mustafa hesab edir ki, vətəndaşın yaşayış yeri yoxdursa, polis şöbəsində mütləq qeydiyyata alınmalı və şəxsiyyət vəsiqəsi verilməlidir. Məsələn, əgər bir rayon ərazisində on min nəfər qeydiyyatsız sakin varsa, onların hamısı qeydiyyata düşə bilər.

“Polisin “yerimiz yoxdur” deməsi düzgün deyil və bütün hallarda insanlar qeydiyyata alınmalıdır. Şəxsiyyət vəsiqəsinin buna görə verilməməsi çox ciddi problemdir. Bu sahədə qanunsuzluqlar var”.

Millət vəkili hesab edir ki, bütün yaranan problemlərin kökü elementar qanunsuzluqdan qaynaqlanır və bunun başqa adı yoxdur. Çıxış yolu isə ondadır ki, bu qanunsuzluqlar aradan qaldırılmalıdır. Ortaya çıxan narahatlıqlar dövlətin özü üçün də uyğun deyil. Bütün vətəndaşların harada axtarılacağı dövlətin problemidir və dövlət də bunu həll etməlidir.

Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən bütün qeydiyyatı olmayan şəxslərin polisdə qeydiyyatının mümkün olduğunu desələr də, digər suallarımıza cavab ala bilmədik.

Qeyd edək ki, prezident İlham Əliyev ötən ilin yanvarında vətəndaşların sənədsiz evlərinin qeydiyyata alınması ilə bağlı fərman imzalayıb. Fərmana görə, əgər qeyri-qanuni yaşayış yerləri kommunikasiya xətlərinin üzərində, neft ərazisində deyilsə, bunların dərhal aradan qaldırılması üçün vətəndaş müraciət edə bilər və müraciətini əsaslandıraraq sənəd ala bilər. Paytaxtdakı qanunsuz evlərin qeydiyyata alınması prosesi ölkə başçısının müvafiq sərəncamından sonra start götürüb.

Məlumat üçün bildirək ki, Azərbaycan qanunvericiliyi ölkədə qeydiyyatsız yaşayan vətəndaşlar üçün cərimə sanksiyası da nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, ölkə ərazisində qeydiyyatsız yaşayan vətəndaşlar 50 manat məbləğində cərimələnir. Amma bu təcrübədən geniş şəkildə istifadə olunmur. Çünki paytaxtda qeydiyyatsız yaşayan Azərbaycan vətəndaşlarının sayının çoxluğu buna imkan vermir və həmin məsələdə vətəndaşlara güzəşt edilir.

İstənilən halda, ekspertlər məsələnin bu istiqamətdə həllinin qanunsuz evlərin tam sənədləşdirilmədiyi təqdirdə, məsələnin həlli mexanizminin olmadığını bildirilər.

Qeyd edək ki, qanuna görə, əgər şəxs yaşadığı yerdən qeydiyyatdan çıxıbsa və ya çıxarılıbsa, növbəti yaşayış yeri yoxdursa, qeydiyyata düşə bilmirsə, sonuncu qeydiyyatda olduğu ərazinin polis orqanının inzibati binasında qeydiyyata alınmalı və şəxsiyyət vəsiqəsi ilə təmin olunmalıdır. Həm onun valideynləri, həm də yetkinlik yaşına çatmayan övladları, demək olar ki, bütün ailə üzvləri həmin ünvanda qeydiyyata alınmalı və şəxsiyyət vəsiqəsi ilə təmin olunmalıdırlar.

Vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra ən azı 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz.

Virtualaz.org