Banklardan borc götürənlərin mənzillərinin məhkəmə yolu ilə satılması halları çoxalıb.

İndi Azərbaycanda girova görə evi satılanların sayı çoxalıb və çox vaxt belə müştərilər banklar tərəfindən aldadıldıqlarını iddia edirlər.

ANS PRESS-ə şikayətlə müraciət edən vətəndaşlardan biri xaricdə müalicə üçün 30 min dollar kredit aldığını deyir. Təbii ki, pulu biznes krediti kimi rəsmiləşdiribmiş: “Bankdan mənə söz vermişdilər ki, gecikməyə görə faiz ödəməyəcəm. Amma faiz də tutdular. Evi satandan sonra banka təxminən 40 min dollara yaxın pul ödədim, amma bundan sonra əlimdə çox az pul qaldı. İndi bir otaqlı evə belə pulum çatmır”.

ANS PRESS-in məlumatına görə, bu cür kreditlər adətən biznes krediti kimi rəsmiləşdirilir. Belə kreditlərin dərəcəsi 10-14% arasında dəyişir. Bu cür pul götürmək sələmçidən ayı 10% pul götürməkdən qat-qat əlverişli sayılır. Həmin pulu götürmək üçün prosedur da elə uzun çəkmir – vətəndaş 6 aydan çox müddətə fəaliyyət göstərən biznesi olduğunu sübut edən arayış gətirir. Kreditlər şərti olaraq biznesi genişləndirmək üçün verilir və qarşılığında müvafiq girov tələb edilir.


Əkrəm Həsənov – Vəkillər Kollegiyasının üzvü

Amma müştərilər arasında belə kreditləri toy və yas mərasimlərini yola vermək, müalicə xərcləri üçün istifadə edənlər çoxdur. Təbii, bu cür təyinatından kənar işlədilən kreditlərin içində problemliləri çox olur. Bu da uyğun olaraq girov mənzillərin satılması ilə nəticələnir. Mənzillər məhkəmə yolu ilə də, müştərinin özünün istəyi ilə də satıla bilir.

Vətəndaşlar özləri istəməsə və kredit şərtlərini dəyişdirməyi xahiş etsə belə, banklar onların əmlakını məhkəmə vasitəsi ilə sata bilirlər. Nəticədə, bu cür kredit əməliyyatlarından sonra ölkədə evsizlərin sayı artır, sosial problemlər dərinləşir.

Bank sahəsində fəaliyyət göstərən hüquqşünas, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əkrəm Həsənov ANS PRESS-ə müsahibəsində bu cür insanları evlərini satmaqdan xilas etməyi mümkün sayır:

“Məhkəmədə bankların müştəriyə qarşı qeyri-səmimi davranmasını sübut etmək olar. Məsələn, banka sual vermək olar ki, niyə yerli bazarda biznes üçün ayırdığın krediti dollarla verirsən? Müştəri krediti dollarla götürməyə razı olursa, deməli, xaricə müalicə üçün gedir və bank bilərəkdən buna göz yumur”.

Bu mənzərə Azərbaycan Mərkəzi Bankının statistikasında da özünü aşkar göstərir. Statistikaya görə, Azərbaycanın bütün regionlar üzrə dollar kreditlərinin toplam məbləği manat kreditlərinin məbləğinə yaxındır. Amma ANS PRESS-in bazarda apardığı araşdırma tezliklə bu nisbətin dollar kreditlərinin xeyrinə dəyişəcəyini ortaya çıxarır.

2016-cı ilin əvvəlinə Azərbaycan regionlarında verilən uzunmüddətli kreditlər (min manat)

Mənbə: Azərbaycan Mərkəzi Bankı

Əkrəm Həsənovun sözlərinə görə, banklar kreditlər üzrə faiz dərəcəsini də bilərəkdən artıq hesablayırlar ki, bu da müştərilərin aldadılması kimi sübut edilə bilər: “Mülki Məcəllənin 741-ci maddəsinə görə, kreditlər üzrə faizlər ildə bir dəfə hesablanmalıdır, amma banklar hər ay faiz hesablayırlar. Bunun nəticəsində müştəri 8 min manat əvəzinə 10 min manat ödəməli olur”.

Amma bununla belə Əkrəm Həsənov məsələnin hər iki tərəf üçün məqbul olan yollarla həllini də mümkün sayır: “2015-ci ilin may ayında Konstitusiya Məhkəməsi qərar verib ki, mənfəətlə işləyən banklar müştərilərə yardım etməlidir. Banklar bu qərarı presedent kimi götürərək müştərilər üçün daha yüngül kredit şərtləri təqdim edə bilərlər ki, onlar ödəniş edə bilsinlər”.

Əslində, bəzi banklar artıq bir neçə ildir ki, belə şərtlərlə işləyirlər və aylıq ödənişləri müştərinin gəlirlərinə uyğunlaşdırmaqla kredit problemlərini məhkəməsiz həll edirlər. Düzdür, belə olan halda kreditin ödənilməsi müddəti uzanır. Amma bu cür razılaşma nəticəsində müştəri evini satmaqdan xilas olur, banklar isə həmin kredit üzrə gəlirlərini bir qədər də artırırlar.

Məhkəmə yolu ilə müştərinin evini satan bank isə əhali arasında yalnız pis imic qazanır. Eynən, ANS PRESS-ə zəng etmiş müştərinin evini satmış bank kimi. Həmin bank müştəriyə yardım etmək istəməyib. Nəticədə, ictimaiyyət arasında bankı mütəmadi gözdən salan bir mənbə də artıb. Banklar bu məqamı gərək nəzərə alsınlar. Yəni atalar demişkən, yüz yeyənin olsun, bir deyənin yox.