Bakı Metropoliteninin yeni “Bənövşəyi xəttində” yeddi vaqonlu qatarlar hərəkət edəcək. Hazırda inşası tamamlanmaq üzrə olan “Avtovağzal” və “Memar Əcəmi-2” metro stansiyaları həmin xəttə yerləşir.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Nəsimi Paşayev fins.az-a deyib.Onun sözlərinə görə metronun “Bənövşəyi xətti” 12 stansiyadan ibarət olacaq. Bu xətt “Avtovağzal” stansiyasından başlayıb Qaraçuxur qəsəbəsində inşa olunacaq stansiyada qurtaracaq: “Bildiyimiz kimi bu il “Avtovağzal” və “Memar Əcəmi-2” metro stansiyaları istifadəyə veriləcək. “Bənövşəyi xətt” tamamilə ayrı xətdir. Digər mövcud xətlərlə kəsişməsi olmayacaq. Bu xəttə keçid “Memar Əcəmi” stansiyasından olacaq”, – deyə N.Paşayev vurğulayıb.
Mətbuat xidmətinin rəisi qeyd edib ki, yeni xətdə ilkin mərhələdə beş vaqonlu qatarlar hərəkət edəcək. Sonradan isə yeddi vaqonlu qatarlarla əvəz olunacaq.