Tikinti sektorunda tender prosedurlarının şəffaflaşdırılması, inhisarçılığın, bürokratik əngəllərin və korrupsiyanın aradan götürülməsi bu sahədə rəqabəti daha da canlandıracaq, inkişafı təmin edəcək.
Bu barədə Milli.Az-a daşınmaz əmlak bazarı üzrə ekspert Rəşad Əliyev deyib.
Ekspertin fikrincə, bundan həm dövlət, həm şirkətlər, həm də vətəndaşlar qazanacaqlar:
“Əvvəla, bununla dövlət öz puluna qənaət edəcək. Şirkətlərdən isə kim daha sərfəli təklif irəli sürəcəksə, o da sifarişi udacaq. Tenderlərdə şirkətlərin nüfuzu, işin keyfiyyəti və qiymət məsələləri əsas götürülür. Yaxşı, keyfiyyətli və daha ucuz iş ortaya qoya bilən şirkətlər həm tenderi udacaq, həm də qazanc əldə edəcəklər. Yaşayış obyektləri ilə bağlı tikililərdə isə keyfiyyətin artması və qiymətin aşağı olması vətəndaşın da son nəticədə bundan qazanclı çıxmasını təmin edəcək.
Amma əvvəllər, keyfiyyətli və münasib qiymətə iş görə bilən şirkətlər kənarda qalır, amma heç yerdə tanınmayan şirkətlər hansısa yolla işi götürür və onu necə həyata keçirdiyi də bəlli olmurdu. Qısası – çox absurd hallar baş verirdi. Ümid edirik ki, cənab prezidentin birbaşa tapşırıqlarının ciddi təsiri olacaq və vəziyyət kökündən dəyişəcək”.
R.Əliyev qeyd edib ki, tikinti sektorunda proseslərin şəffaflaşdırılmasından, xüsusilə tenderlərlə bağlı qaranlıq məqamların aradan qaldırılmasından özəl sektordakı şirkətlərimiz çox şey udacaq:
“Azərbaycanda tikinti sektoru hazırda kifayət qədər rəqabətədavamlıdır. Sadəcə tikinti ilə bağlı sifarişlərin əldə edilməsində, işlərin götürülməsində rəqabət çox zəifdir. Yəni bu məsələlər kifayət qədər əlçatan, açıq deyildi və müəyyən qədər haqsız rəqabət yaranırdı. Nəticədə yaxşı işləyə bilən şirkətlər dövlət sifarişlərindən fayda götürə bilmirdi. Yəni kiminsə kimlərəsə yaxın olması baxımından bu sahədə inhisarçılıq var idi və onların şirkətləri üstünlük əldə edirdilər. Üstəlik də qiymətlər realda olduğundan qat-qat çox göstərilirdi. Nəticədə isə digər şirkətlər əziyyət çəkirdi. Amma burada problemi təkcə şirkətlərdə deyil, o tenderləri təşkil edənlərdə görmək lazımdır”.
Bundan əlavə, ekspert hesab edir ki, xarici şirkətlər adətən adi, standart işlərə görə bazara girişməsələr də, onların da yerli bazarda fəaliyyət göstərməsi müsbət hal ola bilər.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirdiyi müşavirədə tikinti sahəsində bürokratiya və korrupsiya hallarının aradan qaldırılması barədə tapşırıq verib. Dövlət başçısı iş adamlarına böyük tikinti layihələrini icra etmək üçün şərait yaradılması, bu sahədə mövcud olan əsassız tələblərin, bürokratiya və korrupsiya hallarının aradan qaldırılması üçün ciddi tapşırıqlar verib. Bununla yanaşı, dövlət başçısı ipoteka bazarının səmərəliliyinin artırılması, bu yolla inşa olunacaq binaların tikintisinin sürətləndirilməsi ilə bağlı təkliflərin hazırlanmasını tapşırıb.
Xatırladaq ki, dövlət başçısı Nazirlər Kabinetinin son müşavirəsində də qeyd etmişdi ki, tikinti ilə bağlı yeni qaydalar tətbiq edilməli, açıq tenderlər elan olunmalı, yerli şirkətlərə üstünlük verilməli, xarici şirkətlər iştirak etmək istəyirlərsə, onlar da cəlb olunmalıdırlar.
İlkin İzzət
Milli.Az