Mənzil tikintisi azalıb, yeni layihələr də…

Ötən il Azərbaycanda bütövlükdə 1 milyon 927,2 min kvadratmetr mənzil sahəsi istifadəyə verilib. Mütəxəssislər bu rəqəmin 2014-cü ildəkindən 12,3 faiz az olduğunu iddia edirlər.

Mövcud iqtisadi durum müxtəlif suallar doğurur. Məsələn: ilkin mənzil bazarında hansı meyllər gözə çarpır? Tikinti sektoru, heç olmasa, əvvəlki tempi qoruyub saxlaya biləcəkmi?

Manatın dollara nisbətdə kəskin dəyərsizləşməsi, əhalinin alıcılıq qabiliyyətinin azalması, mənzillərin ucuzlaşacağına dair gözləntilər tikinti şirkətlərini çətin vəziyyətə salıb. Ekspertlərin fikrincə, indi fərdi evlərin tikintisi artacaq və yeni çoxmərtəbəli evlərin inşası ertələnəcək.

Daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev Azadlıq Radiosuna deyib ki, hələ iqtisadi böhranın başlanğıc çağında – 2014-cü ildə yeni mənzillərin qiymətində azalma baş verdi:

“Satışı sabitləşdirmək üçün bir çox şirkət kampaniya xarakterli addımlar atdı: nağd alan müştərilərə 10-15 faizlik güzəştlər təklif etdilər. Ötən ilin fevral devalvasiyası bazara durğunluq gətirdi… Şirkətlər çıxış yolu kimi 3-5 illik möhlətli satış üsulunu sınadılar. Ancaq tikinti sektoruna ən sarsıdıcı zərbəni dekabr devalvasiyası vurdu”.

Mənbə:Azadlıq.org