Azərbaycan Mərkəzi Bankı (AMB) dekabr ayının 21-25-də mütəşəkkil banklararası valyuta bazarında təxminən 300 mln. ABŞ dolları həcmində intervensiya həyata keçirib. Bununla da AMB-nin valyuta ehtiyatları artıq 5,1 mlrd. dollara yaxınlaşıb.

“Report”un analitik qrupu qeyd edir ki, analoji azalma tempi davam edərsə, artıq Yeni il bayramına qədər Mərkəzi Bankın sərəncamında olan valyuta rezervləri 7 illik minimuma enərək (artıq 6 illik minimum təkrarlanıb) 5 mlrd. dollar həddindən aşağı düşəcək.

Qeyd edək ki, ötən həftə (ikinci devalvasiya ərəfəsində) AMB mütəşəkkil banklararası bazarda 493 mln. dollar həcmində valyuta satıb.

Xatırladaq ki, dekabrın 8-də Azərbaycan Dövlət Neft Fondunun valyuta satışını dayandırmasından sonra bazarda əməliyyatlara başlayan AMB-nin həmin həftənin son 4 iş günü ərzində intervensiyası 255 mln. dollar olub. Yəni ötən iki həftəyə AMB ümumilikdə təxminən 748 mln. dollarlıq valyuta satışı həyata keçirib.