Böhran həm də oyunların, həyata oyun kimi münasibətin bitdiyi dövrdür. Onun ayıldıcı effekti var. O, yadımıza salır ki, Vonnequtun söyləməyi sevdiyi kimi, “Yaşamaq – zarafat deyil, ciddi işdir”.
Bu ayıltma effektinə bariz misalı devalvasiyanın səhərisi gün binamızda müşahidə etdim: hansısa təşkilatın mənzillərin qapısının qabağına paylaşdırdığı kredit təklifi bukletlərini qonşular bir nəfər kimi həvəslə cırırdılar.
Düzdür, bu, mahiyyətlə yox, forma ilə mübarizə idi. Haradasa kapitalizmin erkən vaxtlarında London ludditlərinin dəzgahları sındırmaqlarına bənzəyirdi.
Ancaq yenə də – daha bir oyunun bitməsinin əlaməti kimi indiki situasiyada çox simvolik jestdir.
İndiyədək başqa cür idi. Hər bir reklamçı əgər Pelevinin “Generation P” əsərindən xəbərdardırsa, özünü Vavilen Tatarski sayırdı – dövr rollar dövrü idi.
Yaxud dünənədək uğursuz publisistlər və şairlər özlərini Çarlz Bukovskiyə, ya da Dovlatovun personajlarına bənzədirdi (daha bənzətməyəcəklər). Necə ki, 25 il əvvəl elliklə hamımız Ejen Delakruanın “Azadlığa aparan barrikada”sındakı inqilabçılar cildində idik. Baxmayaraq ki, hazırda üz cizgilərimiz Delkruanın başqa əsərinin – “Xiosda qırğın”ın personajlarını xatırladır.
Son günlər marketlərdə və küçələrdə gördüyümüz fərdlər də sanki (nə qədər rəhmsiz səslənsə belə) rəngarəng “Pieta”lardan düşüblər.
Oyun kommersiya uğurunun az qala əsas faktoru sayılırdı. Çeşidli dələduzlar, maklerlər, reklamçılar maliyyə bazarının atributları idi. Reklamlar istehlakçı üçün oyuna çağırışdı və çağırış məmnuniyyətlə qəbul olunurdu.
İstehlakçıda qətiyyən şübə yaranmamalıydı ki, onunla ciddi danışırlar. Yox, ciddiyyət gərəksizdir, oyun və rol təklif edin.
Təsadüfdürmü ki, son illərin bütün səs-küylü yenilikləri (istər TV-də, istər mass-kultda, istər incəsənətdə, hətta elmdə də) məhz oyularla bağlıdır?
Necə sürətlə hər şey dəyişir! Hanı özünü Gendalf sayan (əslində isə qoblin olan) tolkiyenistlər? Yaxud mistik kitabların tapmacaları, Harri Potter, və ya Pelevinin başsındırıcı fabulaları?
Hamısı geridə qaldı. Vaxtsızlıq illəri ciddiyyət tələb edir. Reklamın yaratdığı illüzor cənnətdən qovulan insan övladlarına bu ciddiyyətin ağırlığını və ağrısını öz dərisində hiss etmək zamanı gəldi.
Artıq oynamaq yox, hərəkət etmək, sağ qalmaq, uyğunlaşmaq aktuallaşır. İstehlakçı öz mahiyyətinə – Adəm paltarına qayıdır.
Yeni qaydalarla yaşamaq üçün isə təcrübəmiz çatmır. Baxmayaraq ki, artıq neçənci dəfədir…
***
Müasir yazıçı və publisistlər bizi indiki şəraitdə işimizi asanlaşdıra biləcək kitablarla təmin etməyiblər. Pafos dövrlərində reallıq və ciddiyyət gərəksizləşir. Ancaq bu, “qaranlıq illər” gələndə fərdlərin vəziyyətini daha da çətinləşdirir, çünki, iqtisadi travmalara həm də psixoloji gərginlik və dezoriyentasiya hissi qatır.
Ancaq dünya ədəbiyyatında nə qədər istəsəniz müvafiq nümunə tapa bilərsiz. Çexovdan Steynbekə, Knut Hamsundan Bloka qədər.
Və bu parlaq şəxsiyyətlər qalereyasında xüsusi olaraq bir müəllif var ki, bütün ağır dövrlərdə o, mütləq aktuallaşır. Söhbət Remarkdan gedir. O, həm böhrandan, həm də böhrana qalib gəlməkdən yazır. Eyni vaxtda.
Böhrandan ona görə ki, onun az qala bütün əsərlərində söhbət tarixin təkərləri altına düşən, müvazinətini itirən adamlardan gedir. Böhran əleyhinə ona görə ki, onun qəhrəmanları yaşamağa davam edir və qürurlarını qoruyub saxlayırlar. Elə bu da onların böhrana cavabıdır.
Əlbəttə, bu vaxt Steynbekin “Qəzəb salxımları”nı da yada salmaq olar. Yaxud Böyük Depressiyanın digər ədiblərini. Ancaq tarixi kataklizmlərin baş nəğməkarı məhz Remarkdır. Xüsusən də onun “Qara obelisk”i – əsər birbaşa iqtisadi böhrandan söz açır.
1920-ci illərin Almaniyası. Uduzmuş, tar-mar olmuş, heysiyyətini itirmiş, böhran içində çabalayan məkan. Baş qəhrəman – gənc şair Lüdviq Bodmer başdaşları hazırlayan müəssisədə çalışır. Ölkədə hiperinflyasiyadır, hər gün dollar qalxır, marka isə enir.
Bahalaşma o dərəcə sürətlidir ki, maaşlar gündə iki dəfə verilir. Hər kəs bacardığı kimi acından ölməməyə çalışır.
Məsələn, Lüdviq bazar günləri həm də dəlixanada orqan çalır. O, sərgərdan akrobat qıza vurulub, şerlər yazır, həyatın mənasını axtarır, məişətlə romantik arzular arasında sıxılıb qalıb. İnflyasiyadan sonra Berlini tərk edir, bir də müharibədən sonra qayıdır və şəhərini dağıntılar içində tapır.
Tarixçə avtobioqrafikdir – elə Remarkın öz həyatı bu cür formalaşır. Ancaq burada faktoloji əsas yox, məhz vaxtsızlıq illərinin boğucu atmosferi əhəmiyyətlidir. Elə buna görə də roman dəyərini itirməyib, elə indi də aktualdır.
“Qara obelisk” sanki həm də qəhrəmanlarının təcrübəsinin timsalında bizə yol, trayektoriya göstərir. Yəni böhran situasiyalarında insanları dostluq, köhnə tanışlıqlar, təsadüfi işlər (fərq etməz, dəlixanada orqanda ifa etmək, yoxsa başdaşılar düzəltmək. Burada faciəvi heç nə yoxdur) xilas edir.
Qəhrəmanlardan biri deyir: “Dollar hər gün qalxır, ancaq sənin həyatının kursu hər axşam bir sent enir”.
Böhranın tələskən reallığı etimad doğurmur. Çiçəkləyən ağac, yaxud səmadakı Ay dolların kursundan daha realdır. Əgər belədirsə, deməli, təşvişə düşməyə dəyməz. Remarkın qara yumoru, məzarlıq sentensiyaları depressiyaya salmır, əksinə, ümid yaradır.
“Qara obelisk”in bu gün də aktuallığı lupasız da görünür. Ümidsizliklə itirilənlərə həsrət qoşa yeriyir.
Eynilə qəhrəmanların dialoqundakı kimi:
“- Nizam-intizam, davamlı valyutamız vardı. İşsizlik yox idi, iqtisadiyyat çiçəklənirdi, biz hörmətə layiq bir xalq idik… Bəs indi?
– İndi isə nizamsızlıq, beş milyon işsiz, şişirdilmiş iqtisadiyyat, üstəlik də hərbi məğlubiyyət, – mən cavab verirəm.
– Görürsüzmü, – o, izah edir. – İndi biz zibilin içində batmışıq, əvvəl isə yağ içində pendir kimiydik. Nəticə çox sadədir! Bizə kayzer və nüfuzlu milli hökumət lazımdır…”
Tanış mübahisələrdir. Reallığın soyuğu yenicə (əlbəttə, müvəqqəti) bitmiş oyunlara nostalji yaradır.
İndi hər kəs özünü incidilmiş proletari kimi təqdim edə bilər, baxmayaraq ki, əsas narazılığı kreditə götürdüyü “Volvo”nun borclarını ödəyə bilməməsindən ibarətdir…
O vaxt Almaniyada hər şey siyasi fəlakətlə bitdi. Remark yazır: “Hər yer dağılmışdı, sonra yenidən tikilmişdi, tanımaq mümkün deyildi… Yalnız iki bina tamamilə toxunulmaz qalmışdı – dəlixana və doğum evi.
Hər ikisi də dolu idi. Hətta onları genişləndirmək lazım gəlmişdi”.
Bəli, heç nəyə baxmayaraq insanlar ağıllarını itirməkdə və övlad dünyaya getirməkdə davam edirlər. Körpələr böyüyür, kitab və filmlərdəki rolları həyatda oynamağa çalışır, sonra hər şey təkrarlanır.
Yaxşı olar ki, Remarkın təsvirləri ilə sərt tarixi parallelizm bu dəfə gedib o uzaqlıqlara çıxmasın…
Məmməd Süleymanov
Virtualaz.org