Manatın üzən məzənnə kursuna keçidindən sonra bəzi işbazlar qiymətləri süni şəkildə artırmağa cəhd edir.
Avropa.info xəbər verir ki, İmişli rayonunda tanınmış iş adamı Nizami Umudov həbs olunub.
Əldə etdiyimiz məlumata görə, Nizami Umudovu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları saxlayaraq, Bakıya gətiriblər.
İmişli rayon Polis İdarəsindən Nizami Umuduovun həbsinin hansı səbəbdən baş verdiyini bilmədiklərini deyiblər.
Ehtimal edilir ki, Nizami Umudov qiymətləri süni şəkildə artırdığı üçün saxlanılıb. Rayon sakinləri Avropa.info-nun əməkdaşına bildiriblər ki, N.Umudov üç gün imiş unun qiymətini 18 manatdan 27 manat 50 qəpiyə qaldırıbmış. Dünəndən isə N.Umudov İmişli rayonunda un satışını ümumiyyətlə dayandırıbmış.
Qeyd edək ki, İmişli şəhərində unun topdansatışı ilə məşğul olan iki böyük anbar mövcuddur. Hazırda saxlanılan Nizami Umudovdan başqa, Millə Məclisin deputatı Əsabil Qasımovun xalası oğlu Naib Xəlilov da unun topdaşsatışı ilə məşğul olur. Nizami Umudovun unu məhz Naib Xəlilovdan aldığı bildirilir. Hazırda Naib Xəlilovun un anbarında da, unun 1 kisəsi 27 manata satılır.
Avropa.info-nun əməkdaşının apardığı araşdırma zamanı bəlli olub ki, İmişli rayonunda yalnız Əsabil Qasımovun oğluna məxsus olan “Karmen” un zavodunun məhsulu satışa çıxarılır.