Manat bir il ərzində ikinci dəfə ucuzlaşdı. İkinci devalvasiya gözlənildiyindən daha böyük həddə baş verdi. Manatın 50 faiz ucuzlaşması bir çox sahələrdə panikanın yaranmasına səbəb oldu. İnsanlar ərzaq bazarına axın etdi, hər kəs qiymətlər bahalaşmamış ərzaq ehtiyatı görməyə tələsdi. Ən böyük zərbə isə banklarda dollarla krediti, manatla əmanəti olanlara dəydi. 
Xatırladaq ki, bu il banklara kredit borcu olanların intiharları ilə yadda qaldı. Problemli kreditlər cəmiyyətin həm iqtisadi, həm də sosial bəlasına çevrildi.
Bəs, ikinci 50 faizlik devalvasiyadan sonra vəziyyət necə ola bilər? İnsanlardakı psixoloji gərginlik, aqressiya nə ilə nəticələnəcək?
Psixoloq Dəyanət Rzayev musavat.com-a açıqlamasında bildirib ki, hazırki iqtisadi böhran cəmiyyət üçün yaxşı heç nə vəd etmir: “Ötən dəfə devalvasiya olanda da biz demişdik ki, bu insanların psixologiyasına pis təsir edəcək, qətllərin, intiharların sayı artacaq. Belə də oldu. Bu il intihar xəbərlərinin ardı-arası kəsilmədi. Sizin cibinizdəki pul bir gündə dəyərini itirirsə, bu, sizə  necə təsir etməlidir? Hər şey bahalaşır, maaşlar isə artmır, əksinə, işsizlik çoxalır. Təbii ki, psixoloji durum bərbad vəziyyətdə olacaq. İnsanlarda gərginlik artacaq. Yenə intihara meyl göstərən insanların sayı artacaq. Devalvasiya qəfil oldu. İnsanlar manatın bu dərəcədə dəyərdən düşməsinə hazır deyildilər”.
Psixoloq qeyd etdi ki, növbəti ildə intiharların, oğurluq hallarının statistikası daha da artacaq: “İnsanların başqa çıxış yolu qalmır. Bir ildə əhalinin banklara dollarla olan borcu iki dəfə artdı. Ancaq gəlirləri azalıb. İradəsi zəif olan insanlar çıxış yolu tapa bilməyəndə intihara əl atırlar. Belə hallarda həmin şəxslərin yaxınları psixoloqa müraciət etməlidirlər. Ancaq insanlarda psixoloqa getməyə də pul yoxdur”.
Dəyanət Rzayevin sözlərinə görə, ən böyük problemlərdən biri də odur ki, insanlar bu etirazlarını açıq şəkildə bildirməkdən qorxurlar: “İnsanlar ancaq evdə, sosial şəbəkələrdə etiraz püskürürlər. Lakin bahalaşma əleyhinə icazəli olan aksiyaya qatılmaqdan çəkinirlər. Hökumətin icazə verdiyi aksiyaya çıxmırlar. Çünki, insanların daxilində qorxu var. Mitinqlər keçiriləndə insanda belə bir təəssürat yaranır ki, heç kimin problemi yoxdur, hamı yaxşı yaşayır və etiraz etməyə səbəbləri yoxdur”.
Bu dəfə də etirazlar olmayacaq. İnsanlar aqressiyalarını yalnız bir-birinə qarşı istifadə edəcəklər. Bu səbəbdən də, qətllərin sayının artacağı gözlənilir. Ümumilikdə isə iqtisadi vəziyyətin bu həddə düşməsi insanların psixoloji durumu ilə bağlı yaxşı heç nə vəd etmir”.
Nərgiz LİFTİYEVA,
Musavat.com