Azərbaycan Mərkəzi Bankının dekabrın 21-də manatın az qala 50 faizlik devalvasiyasını həyata keçirməsi və tənzimlənən üzən məzənnə siyasətinə keçidi elan etməsi nüfuzlu Qərb iqtisadi nəşrlərinin də gündəmindədir.
“The Wall Street Journal” gəlirlərinin 90 faizinin neft ixracından asılı olan Azərbaycanın son bir ildə milli valyutasını devalvasiya edən yeganə ölkə olmadığını yazır.
Qəzet xatırladır ki, Azərbaycandan əvvəl Qazaxıstan öz mill valyutasını ixraca meylli iqtisadiyyatında rəqabtədavamlılığı artırmaq üçün sərbəst buraxıb.
“Həmçinin hər iki ölkə – Azərbaycan və Qazaxıstan rublun ucuzlaşmasından əziyyət çəkiblər. Çünki Rusiya rublu ilin əvvəlindən 50 faizdən çox dəyərdən düşüb, iqtisadiyyatı isə enerjidaşıyıcılarının ucuzlaşması və Qərbin sanksiyaları nəticəsində zərər çəkib”– deyə qəzet yazır.
Məqalədə prezidentin köməkçisi Əli Həsənovun manatın devalvasiyası ilə bağlı müsahibəsindən də sitat gətirilir. Bildirilir ki, prezidentin köməkçisi manatın devalvasiyasını obyektiv amillərlə izah edib və bunun səbəbinin neftin kəskin ucuzlaşması, xarici bazarlarda hökm sürən vəziyyət olduğunu xatırladıb.
“Hamıya məlumdur ki, dünya bazarlarında neft yaxın gələcəkdə bahalaşmayacaq”– deyə Əli Həsənov bildirib.
Prezident Administrasiyasının rəsmisi deyib ki, Azərbaycan neft ölkəsidir və büdcənin əsas gəlir mənbəyi olan neftin kəskin ucuzlaşması amilini kənara qoya bilməzdi.
Vaşinqtonda mənzillənmiş “Frontier Strategy Group” konsaltinq şirkətinin analitiki Mark McNamee qəzetə açıqlamasında bildirib ki, Azərbaycan Mərkəzi Bankı ola bilsin ABŞ Federal Ehtiyatlar Sisteminin faiz dərəcələrini artırmasını gözləyirdi.
Federal Ehtiyatlar Sistemi son 9 il ərzində ötən həftə ilk dəfə faiz dərəcələrini artırıb.
“Ola bilsin Azərbaycan üzən məzənnə siyasətinə daha əvvəl keçməyi nəzərdə tutumuşdu. Ancaq belə görünür ki, onlar ABŞ Federal Ehtiyatlar Sisteminin qərarından sonra bu addımı ataraq günahın xarici amillərdə olduğunu göstərmək istəyirlər”-analitik bildirib.
Nyu-Yorkda mənzillənmiş “Auerbach Grayson” broker şirkətinin Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika səhmləri üzrə baş vitse-prezidenti Saymon Mandell isə qəzetə açıqlamasında deyib ki, milli valyutası kəskin dəyər itirən ölkələr Azərbaycan və Qazaxıstanla yekunlaşmayacaq.
O qeyd edib ki, Venesuela, Nigeriya, Misir, Oman, İraq, Liviya və Ekvador da bu aqibəti yaşaya bilərlər. “Biz hələ də gözləyirik ki, qalanlar da milli valyutanı tənzimləməkdən imtina edib üzən məzənnə siyasətinə keçəcəklər”-Mandell deyib.
“Frontier Strategy Group” konsaltinq şirkətinin analitiki Mark McNameenin fikrincə isə Azərbaycan investorlar üçün cəlbedici ölkələr sırasından çıxır.
“Bir neçə il əvvəl Azərbaycan, Rusiya, Ukrayna və Qazaxıstan kimi ölkələrdə iqtisadiyyat sürətlə artırdı, hər kəs çalışırdı ki, bu bazarlarda özünə yer etsin. İndi onların hamısı eyni problemdən əziyyət çəkir. Bu ölkələr uzunmüddətli perspektivlər üçün hələ də cəlbedici olaraq qalır, ancaq bir neçə il çətin olacaq”– deyə analitik bildirib.
Virtualaz.org