Xidmət sahəsinin təklif etdiyi yüksək məvacib axtarışında Norveçə köçən İsveç vətəndaşları vətənə qayıdırlar.

Norveç Statistika İdarəsinin məlumatına görə, isveçlilərin qayıtmasına enerji daşıyıcılarının qiymətlərinin aşağı düşməsinin ardınca bu ölkədə neft bumunun başa çatması səbəb olub.

Məsələn, 2015-ci il aprel ayından sentyabr ayınadək Norveçi 2 mindən çox İsveç vətəndaşı tərk edib. Krallığa gələn isveçlilərin sayı isə 1800 nəfər təşkil edib.

Oslo Universitetinin apardığı digər tədqiqatların nəticələrinə görə, 2013-cü ildə Norveçdə 17-25 yaşlı hər beş işçidən biri isveçli olub. İsveç vətəndaşlarının işə düzəlmək ümidi ilə Norveçə köçmək meyli 2011-2014-cü illərdə maksimum həddə çatıb.

Dil oxşarlığı və daha yüksək məvacib ilə əlaqədar İsveçdən Norveçə ali təhsilli adamlar köçüblər. Bu səbəbdən isveçlilər sayına görə Polşa vətəndaşlardan sonra Norveçdə ikinci yeri tuturlar. 2014-cü ilin sonunda onların sayı təqribən 36,9 min nəfər təşkil edib.

Mütəxəssislər hazırda isveçlilərin vətənə qayıtmasının səbəbini son ildə neftin qiymətlərinin aşağı düşməsi ilə əlaqədar Norveçin əmək bazarında tələbatın xeyli azalması ilə əlaqələndirirlər. Norveç kronunun məzənnəsinin kəskin aşağı düşməsi səbəbindən Norveçdə maaşlar İsveçdəkindən aşağı olub. İsveçdə isə iş yerlərinin sayı artıb, iqtisadiyyatda artım müşahidə olunur.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm