Azərbaycan milli valyutası ölkənin əsas ticarət tərəfdaşı və neft hasil edən inkişafda olan, iqtisadi modelləri bənzər dövlətlərin valyutaları ilə müqayisədə daha möhkəmdir. Belə ki, müqayisə zamanı Türkiyə, Rusiya, İran, Qazaxıstan, Ukrayna və Belarus milli valyutalarının dollarla müqayisədə məzənnəsinin son 5 ildə dəyişmə tendensiyası təhlil edilib.
“Report”un analitik qrupunun apardığı araşdıqmaya əsasən, son 5 ildə Türkiyədə dolların məzənnəsi 2011-ci il yanvarın 1-nə 1,57 TRY/USD-yə bərabər olduğu halda, bu gün, 2015-ci il dekabrın 15-dək 90% artaraq 2,98 TRY/USD-yə yüksəlib.
Rusiya dolların məzənnəsi eyni zaman kəsiyində 30,70 RUB/USD səviyyəsindən 130% və ya 2,3 dəfə artaraq 70,5 RUB/USD-yə çatıb.
İranda isə ABŞ valyutasının məzənnəsi 2011-ci il yanvarın 1-nə 10 350 IRR/USD olduğu halda, 18% bahalaşaraq 12 250 IRR/USD səviyyəsinə yüksəlib.
Eyni zamanda, Qazaxıstanda dolların məzənnəsi 147 KZT/USD-dən 2,27 dəfə və ya 127% artaraq bu gün 333 KZT/USD olub.
Ukraynada məzənnə son 5 il ərzində 7,97 UAH/USD səviyyəsindən təxminən 3 dəfə və ya 198% artaraq 23,76 UAH/USD-yə, Belarusda isə 3 008 BRY/USD-dən 6 dəfə yüksələrək 18 272 BRY/USD-yə çatıb.
Qeyd edək ki, Azərbaycanda dolların manata qarşı məzənnəsi 2011-ci il yanvarın 1-dən 31,5% artaraq hazırda 1,0491 AZN/USD-yə bərabər olub.
İran realından sonra Azərbaycan manatı ən az devalvasiya olunan valyutalar arasında yer alıb. Manatın möhkəm olması Azərbaycanın ixracyönümlü mallarının rəqabət qabiliyətinə mənfi təsir edir. Qeyd edək ki, fevral ayında devalvasiyaya səbəb olan amillərdən biri də ticarət tərəfdaşlarının valyutalarına nəzərən orta çəkili hesabla manatın 30% bahalaşması göstərilib. Daha sonra manatın 35% devalvasiyası, manatın real effektiv məzənnəsini (Azərbaycan Mərkəzi Bankının pul siyasəti icmalında qeyd edildiyi kimi) 15% ucuzlaşdırıb. Lakin manatın ticarət tərəfdaşı olan ölkələrin valyutalarına nəzərən orta çəkili məzənnəsi son iki ayda yenidən artmağa başlayıb . “Report”un analitiklərinin hesablamalarına əsasən, fevral devalvasiyasından sonra manat adı çəkilən ölkələrlə müqayisədə son iki ayda artıq 14%-ə yaxın möhkəmlənib. Ticarət tərəfdaşı ölkələrin valyutalarının ucuzlaşması fonunda manatın real olaraq möhkəmlənməsi qlobal dünya iqtisadi prosesləri fonunda davam edir. Bu da istər ixrac, istərsə də investisiyaların cəlb edilməsində Azərbaycanı investorlar üçün nisbətən daha az maraqlı edir.