Azərbaycanda statistik sirrin yayılması və mətbuatda dərc olunmasına görə cərimələr böyük məbləğdə artırılır. “Report” xəbər verir ki, bununla bağlı məsələ yeni hazırlanan İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
Məcəllə layihəsinin 389-cu maddəsinə əsasən, statistik sirrin yayılmasına, yəni hüquqi şəxslərin (onların nümayəndəlik və filiallarının) və ya fiziki şəxslərin razılığı olmadan, onlar haqqında məlumatların bu məlumatlardan istifadə etməyə hüququ olmayan dövlət orqanlarına, müəssisələrə, təşkilatlara, yaxud fiziki şəxslərə verilməsinə görə fiziki şəxslər 100 manatdan 200 manatadək (hazırda 15 AZN-dən 25 AZN-dək), vəzifəli şəxslər 500 manat (hazırda 35 AZN-dən 50 AZN-dək), hüquqi şəxslər isə 1 000 manatdan 2 500 manatadək miqdarda cərimə ediləcəklər.
Bundan başqa, statistik sirrin mətbuatda dərc olunmaqla yayılmasına görə fiziki şəxslərin 200 manatdan 300 manatadək (hazırda 30 AZN-dən 40 AZN-dək), vəzifəli şəxslərin 500 manatdan 700 manatadək (hazırda 70 AZN-dən 90 AZN-dək), hüquqi şəxslərin isə 2 000 manatdan 3 500 manatadək miqdarda cərimə edilməsi nəzərdə tutulub.
Xatırladaq ki, hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsində belə qanun pozuntularına görə hüquqi şəxslərin cərimə edilməsi nəzərdə tutulmayıb.
Qeyd edək ki, yeni hazırlanan İnzibati Xətalar Məcəlləsi hazırda layihə formasındadır. Bu layihə qəbul olunarsa, 2016-cı ilin mayın 1-də qüvvəyə minəcək. İnzibati Xətalar Məcəlləsinin layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə edilib və parlamentin plenar iclasına tövsiyə olunub.