Avropa Komissiyası platformanın tövsiyə sistemi haqqında daha çox məlumat sorğulayaraq, X ilə bağlı araşdırmasını genişləndirib.

AZƏRTAC xəbər verir ki, komissiya, xüsusilə sistemə gələcək dəyişikliklərlə bağlı bütün məlumatların il ərzində saxlanmasını, faktların yoxlanılması və məzmunun yayılması ilə bağlı texnologiyalara çıxışın təmin edilməsini tələb edir.

Rəqəmsal məsələlər üzrə komissar Henna Virkkunen bildirib ki, Aİ platformaların Avropa vətəndaşları üçün təhlükəsiz və ədalətli rəqəmsal mühitin yaradılmasına yönəlmiş qanunvericiliyə riayət edilməsini təmin etməyə çalışır.

Araşdırma Rəqəmsal Xidmətlər Qanunu (Digital Services Act, DSA) çərçivəsində aparılır və 2023-cü ilin dekabrında başlayıb. Avropa Komissiyası bu hərəkətlərin Avropa liderlərinin ünvanına edilən kəskin hücumlar və alman ifrat sağçı siyasətçi Alica Vaydeldən müsahibə alan X sahibi İlon Maskın son siyasi bəyanatları ilə bağlı olmadığını vurğulayıb.

Komissiyanın nümayəndəsi Tomas Renye əmin edib ki, atılan addımlar siyasi motivlərə deyil, sırf müstəqil hüquqi əsaslara əsaslanır.