2023-cü ildə 100 ən böyük silah istehsalı şirkətinin gəlirləri 632 milyard dollara çatıb ki, bu da real ifadədə 2022-ci illə müqayisədə 4,2% artım deməkdir.
“Report” xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) qlobal silah ticarəti ilə bağlı son hesabatında məlumat verib.
Ekspertlər qeyd ediblər ki, silah satışından əldə edilən gəlirlərin artımı bütün regionlarda, xüsusən də Rusiya və Yaxın Şərqdə nəzərə çarpır.
“Kiçik istehsalçılar Qəzza və Ukraynadakı münaqişələr, Şərqi Asiyada artan gərginlik və geniş yayılmış hərbi yenidən silahlanma proqramlarından irəli gələn yeni tələbatdan faydalanıblar. Top 100 şirkət artan tələbata cavab olaraq 2023-cü ildə istehsalını artırıb və gəlirlər 2022-ci ildə azaldıqdan sonra yenidən yüksəlib. Firmaların təxminən dörddə üçü illik gəlirlərini artırıb. 2023-cü ildə silah satışından əldə edilən gəlirdə nəzərəçarpacaq artım olub və bu, 2024-cü ildə də davam edəcək”, – hesabatda deyilir.
Üç Türkiyə şirkəti, əsasən, Ukraynadakı münaqişə və hökumətin silah istehsalında özünü təmin etmək üçün davam edən səylər nəticəsində gəlirlərini 24% artaraq 6 milyard dollara çatdırıb.
Beləliklə, Baykar İHA şirkətinin məhsullarının satışı 2023-cü ildə hərbi satış gəlirlərinin təxminən 90%-ni təşkil edib ki, bu da 25% artaraq 1,9 milyard dollara çatıb.