Almaniyada milyarderlərin sayı son bir ildə 23 nəfər artaraq 249-a çatıb.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, “Manager Magazine” nəşri bu barədə apardığı araşdırmaların nəticələrini açıqlayıb.

Bu, jurnalın müvafiq qiymətləndirmələri aparmağa başladığı 2001-ci ildən bəri qeydə alınan ən yüksək rəqəmdir.

Ötən ildən etibarən ilk 500 iş adamının sərvəti 53 milyard avro artaraq 1,1 trilyon avroya çatıb ki, bu da yeni rekorddur. Almaniyada ən varlı şəxslərin siyahısına “Lidl” və “Kaufland” supermarketlərinin təsisçisi Dieter Şvarts başçılıq edir. Ümumi sərvəti 43,7 milyard avro olan D.Şvarts BMW-nin varisləri Susan Klatten və Stefan Quandtı (34,4 milyard avro) siyahının zirvəsindən kənarlaşdıraraq ilk pillədə yer alıb.

Qeyd edək ki, “Manager Magazine” nəşri qiymətləndirməni apararkən arxiv və pay sənədlərinə, sərvət və mülk idarəçilərinin, vəkillərin və bankların məlumatlarına əsaslanır.