Almaniya iqtisadiyyatının yeni ilə yaxşı göstəricilər ilə başlamasına baxmayaraq, alman tədqiqatçılar 2024-cü ildə onun durğunluqdan çıxmayacağına inanırlar.

AZƏRTAC xəbər verir ki, bu barədə “Die Welt” qəzetinin 21 may tarixli nömrəsində dərc olunmuş redaksiya məqaləsində deyilir. Ümumi daxili məhsul (ÜDM), iqtisadçıların hesab etdiyi kimi, bu il yalnız ötən ilki səviyyədə qalacaq. Bu, Almaniya İqtisadiyyat İnstitutunun (IW) proqnozudur. Şirkətlərin sorğulara cavabları zəif iqtisadi inkişafdan xəbər verir.

Mütəxəssislər xüsusən sənaye və tikinti sektorunun tənəzzüldə qaldığını bildiriblər. Müsbət impulslar yalnız istehlakdan gəlir. Lakin bu, real yüksəliş üçün kifayət deyil. Onlar əmindirlər ki, istehlakdan əlavə, nəhayət, investisiya qoymağa başlamaq lazımdır.

Ötən il ölkə iqtisadiyyatı 0,2 faiz daralıb. Lakin 2024-cü ilin əvvəlində ÜDM eyni səviyyədə – 0,2 faiz artıb. Bir çox ekspertlər bu il hökumətin 0,3 faizlik artımı hədəfləməsi ilə yalnız ləng bərpa prosesi olacağını gözləyirlər.

IW-nin məlumatına görə, 2024-cü ildə inflyasiyanın təxminən 2,25 faizə düşməsi ilə istehlakçılar çox güman ki, xərclərini təxminən bir faiz artıracaqlar. Redaksiya məqaləsində qeyd edilir ki, hökumətin istehlakından da kiçik müsbət impulslar gözləmək olar.