Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “Günaybank” ASC-nin qorunan əmanətçilərinə müraciət edib.
Fonddan AZƏRTAC-a verilən məlumata görə, LPO “Günaybank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsinin yeri və vaxtı haqqında məlumat verilməsinə dair ilk bildiriş 26.05.2023-cü il tarixdə KİV-lərdə dərc edilib.
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Qanunun tələblərinə əsasən LPO “Günaybank” ASC-nin qorunan əmanətçiləri üçün bu müddət 26.05.2024-cü il tarixdə bitir.
“Bildiririk ki, kompensasiyaların ödənilməsi “Bank Respublika” ASC vasitəsilə həyata keçirilir. Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə sözügedən bir il müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Əlavə olaraq qeyd edirik ki, ötən ilin iyun ayının 19-dan cari ilin may ayının 14-dək LPO “Günaybank” ASC-nin 2200 əmanətçisinə 34.248.697 manat ekvivalentində (ümumi kompensasiya öhdəliyinin 97,45 faizi) kompensasiya ödənişi həyata keçirilib”, – deyə fondun məlumatından bildirilir.
Məlum olduğu kimi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli, 2-3(103)-42/2023 nömrəli qərarı ilə “Günaybank” ASC müflis elan edilib və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin olunub.