Aprelin 11-dən aprelin 17-dək olan dövrdə Rusiyada neft emalı sutkada 5,22 milyon barelə düşüb. Bu da ondan əvvəlki həftə ilə müqayisədə 10 min barel azdır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, bu göstərici son 11 ayda növbəti minimum nəticədir. Buna səbəb pilotsuz təyyarələrin hücumu, planlaşdırılmamış təmir, həmçinin daşqın nəticəsində Orsk neft emalı zavodunun fəaliyyətini dayandırmasıdır.

Hücumlardan zərər çəkmiş müəssisələr yanvarın 1-dən 24-dək və aprelin 1-dən 17-dək olan dövr üçün orta göstəricidən 280 min barel az neft emal ediblər. O da qeyd olunur ki, son bir ayda neft emalı zavodlarına hücumlar demək olar ki, dayanıb, lakin bununla yanaşı, müəssisələrin bərpa tempi aşağı düşüb.