Ölkələr növbəti sarsıntılara hazır olmaq üçün maliyyə dayanıqlılığını təcili artırmalıdır.
Trend xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva BVF-in Vaşinqtonda keçirilən yaz iclasları çərçivəsində qlobal siyasət üzrə brifinqdə deyib.
“Son illərdə dünya iqtisadiyyatında çox nizamsızlıq müşahidə olunur. Pandemiya, müharibələr, böhran zamanı iqlim faciələri oldu. Çoxsaylı sarsıntılara və çətin maliyyə şəraitinə baxmayaraq artım sabit müsbət olaraq qalır. Bu il üzrə proqnozu 3,2 faizədək artırmışıq. Yenə də narahat olunası məqamlar var. İnflyasiya azalıb, lakin itməyib”, – o deyib.
K.Georgiyevanın sözlərinə görə, təqribən 3 faiz səviyyəsində orta müddətli artım perspektivləri son onillik ərzindəki ən aşağı göstəricilərdir. Artıma məhsuldarlığın geniş miqyasda ləngiməsi mane olur.
“Ölkələr qrupları daxilində və arasında fərqliliklər artmaqdadır, bununla belə yoxsul ölkələr getdikcə daha çox geridə qalır. Bu kontekstdə əsas prioritetlərə fokuslanırıq. Birincisi, ehtiyatların yaradılması nəzərdə tutulur. Hazırda büdcə məhdudiyyətləri özlüyündən daha mühüm əhəmiyyət kəsb etməyə başlayır, çünki əksər ölkələrdə büdcə imkanları tükənib.
Böhran şəraitində ölkələr növbəti sarsıntıya hazır olmaq üçün təcili olaraq maliyyə dayanıqlılığını artırmalıdır”, – deyə BVF-in icraçı direktoru bildirib.
K.Georgiyeva bildirib ki, büdcə konsolidasiyalarının orta müddətli çərçivələrini qəbul etməyin vaxtı çatıb.
“Anlayırıq ki, bir ölçü hamıya uyğun deyil. Konsolidasiya sürəti ölkənin vəziyyətindən asılı olaraq fərqlənir. Bu səbəbdən gəlirlərin mobilizasiyası və xərclərin səmərəliliyinin artırılması arasında balansı qoruyacağıq. Bu yükün daha həssas əhali qruplarının üzərinə düşməməli olduğunu unutmamaq çox vacibdir”, – o deyib.
İcraçı direktor ikinci prioritetin fundamental islahatlar, idarəetmənin möhkəmləndirilməsi, qadınların əmək bazarında iştirakının artması, kapitala çıxış imkanının yaxşılaşdırılması olduğunu qeyd edib.
“Tədqiqatlarımızın mühüm hissəsini xüsusən xarici şoklardan daha ciddi zərər görmüş üzvlərimizin artım perspektivlərinin yaxşılaşdırılmasına yönəlmiş siyasətə istiqamətləndiririk. Bu isə üçüncü prioriteti ortaya çıxarır: üzvlüyümüzə sadiqliyimizin yenilənməsi. 100-ə yaxın ölkə üçün 300 milyard ABŞ dollarından yuxarı məbləğdə maliyyə dəstəyi ayırmışıq”, – deyə o əlavə edib.
Qeyd edək ki, aprelin 15-də Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankı Qrupunun (DBQ) Yaz İclasları öz işinə başlayıb.
Nazirlər səviyyəsində əsas görüşlər və tədbirlər 17-19 aprel tarixlərində, digər görüşlər isə 15-20 aprel tarixlərində keçiriləcək.
BVF-in İnkişaf Komitəsi və Beynəlxalq Valyuta-Maliyyə Komitəsinin iclasları əsas tədbirlərdən biri olacaq. Burada DBQ və BVF-in fəaliyyəti müzakirə olunacaq.
BVF-in yaz iclaslarında mərkəzi bankların rəhbərləri, maliyyə və inkişaf nazirləri, parlamentarilər, özəl sektor və vətəndaş cəmiyyətinin, habelə elmi təşkilatların nümayəndələri bir araya gələrək qlobal narahatlıq doğuran problemləri, o cümlədən dünya iqtisadiyyatı ilə bağlı məsələləri, yoxsulluğun aradan qaldırılması və iqtisadi inkişafla bağlı mövzuları müzakirə edir.