Məşhur it oyuncaqlarının istehsalçısı olan ABŞ-ın “Bark” şirkəti sırf itlərin və onların sahiblərinin daşınması üçün nəzərdə tutulmuş “Bark Air” aviaşirkətinin çarter reyslərinə başlayır. Bu barədə AZƏRTAC “New York Post” nəşrinə istinadla xəbər verir.

Hələlik “Bark Air” uçuşları yalnız iki istiqamətdə həyata keçirəcək: Nyu-Yorkdan Los-Ancelesə və Londona. Bir istiqamətə gediş haqqı 6000-8000 dollar arasında dəyişir, lakin bu pula görə itlər və onların sahibləri premium xidmət alırlar.

Kiçik heyvanların kabinədəki daşıyıcılarda, iri heyvanların isə yük anbarında səyahət etdiyi adi uçuşlardan fərqli olaraq, “Bark Air” hər dördayaqlı sərnişini ayrıca oturacaqla təmin edir.

Uçuş və enişdən əvvəl itlərə qulaq tıxanıqlığını aradan qaldırmaq üçün xüsusi içki təklif olunur. Salonda həzin musiqi səslənir və xidmət personalı heyvanların təbii qoxularını təqlid edən feromonları olan təravətləndirici lavanda ətirli dəsmallar paylayır. Bu, itlərin sakitləşməsinə kömək edir. Bundan əlavə, heyvanlar üçün xüsusi yeməklər, səs-küyü ləğv edən qulaqlıqlar və jiletlər verilir.

“Bark Air” aviaşirkətinin ilk uçuşları may ayında həyata keçiriləcək. Xidmətin eksklüzivliyinə baxmayaraq, biletlərin qiymətləri sosial şəbəkələrdə tənqid dalğasına səbəb olub, bir çoxları onları şişirdilmiş hesab edirlər.