ABŞ-ın “Capital One” bankı  “Discover” maliyyə xidmətləri şirkətini 35,3 milyard dollar alacağını açıqlayıb.

Marja.az xəbər verir ki, “Capital One”ın yaydığı açıqlamada, bankın “Discover” ilə razılığa gəldiyi bildirilib.

Açıqlamada “Capital One”ın “Discover”i 35,3 milyard dollara satın alacağı və müqavilənin şərtlərinə uyğun olaraq “Discover” səhmdarlarının hər “Discover” səhmi üçün 1,0192 “Capital One” səhmi alacağı bildirilib.

Açıqlamada qeyd edilib ki, satınalma tamamlandıqda “Capital One” səhmdarları birləşmə nəticəsində yaranan yeni şirkətin təxminən 60 faizinə, Discover səhmdarlarının isə təxminən 40 faizinə sahib olacaqlar.

Bankın açıqlamasında deyilir ki, tənzimləyici təsdiqlər və hər iki şirkətin səhmdarlarının təsdiqi daxil olmaqla alışın 2024-cü ilin sonu və ya 2025-ci ilin əvvəlində başa çatdırılması gözlənilir.

ABŞ mətbuatında çıxan xəbərlərdə “Capital One”ın “Discover”i satın almasının bu il açıqlanan ən böyük satınalma müqavilələrindən biri olduğu qeyd edilib.

“Capital One” milyarder Uorren Baffet tərəfindən də dəstəklənir. “Discover Financial Services” kart emitentidir. Satınalma ilə qlobal ödəniş nəhəngi yaratmaq planı oldğu qeyd edilir.

“Discover” 200 ölkə və ərazini əhatə edən şəbəkəyə malik olsa da, o, hələ də rəqiblərindən (Visa, Mastercard və American Express) çox kiçikdir. Satınalma Discover şəbəkəsinə ən böyük ödəniş şəbəkələri ilə daha rəqabətqabiliyyətli olmağa imkan verə bilər.