Süni intellekt dünyada artıq həyatın bütün istiqamətlərində yer alır.
Bunu Trend-ə İKT üzrə ekspert Elvin Abbasov deyib.
O bildirib ki, sosial şəbəkələrdə bütün fəaliyyətlər süni intellektlə tənzimlənir.
“Dünyanının bir çox ölkələrində proseslər süni intellektlə idarə olunur. Ötən ilə qədər süni intellektin hansısa peşələri insanların əlindən aldığına dair söhbətlər gedirdi. Lakin hazırda belə deyil. Hazırda süni intellekt bütün peşələrdə həm fiziki olaraq (avadanlıq) həm də proqram təminatlarında yer alır.
Ümumiyyətlə, texnologiyanın sürətlə inkişaf etdiyi bir vaxtda yeni yanaşmalar olmalıdır. Süni intellekt, demək olar ki, bütün peşələri əlimizdən alıb. Sadəcə, müzakirələr gedir ki, hansı peşələrə süni intellekti verək, ya verməyək. Baxırıq ki, robot ayaqlar, qollar da süni intellektlədir. Daha əvvəlki protezlər tarixə qovuşur”.
Ekspert qeyd edib ki, bu gün azərbaycanlı gənclər süni intellektdən video, şəkil, məlumatların idarə olunmasında istifadə edir.
“Ancaq təəssüf ki, ölkəmizin dövlət idarəçiliyində süni intellekt hələ tam tətbiq olunmayıb. Süni intellektin həyatımıza təsiri sosioloji məsələdir. İnsanlar düşünürlər ki, texnologiya inkişaf edəndən sonra insanlar işsiz qalacaq. Lakin dünya təcrübəsi onu göstərir ki, belə bir qorxu sənaye inqilablarında da olub. Ancaq sonradan yeni peşələr yarandı və inkişaf elədi”, – deyə o qeyd edib.