Çin ötən il Rusiyanı sıxışdıraraq Qazaxıstanın əsas ticarət tərəfdaşı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Ticarət Siyasətinin İnkişafı Mərkəzinin hesabatında deyilir.

Qurumun dərc etdiyi infoqrafikaya əsasən, 2023-cü ildə Qazaxıstan və Çin arasında ticarət dövriyyəsi öncəki illə müqayisədə 30 faiz artaraq 31,5 milyard dollara çatıb. Qazaxıstanın ikinci ən böyük ticarət tərəfdaşı olan Rusiya ilə ticarət dövriyyəsi isə 2023-cü ildə 3,7 faiz azalaraq 26 milyard dollara enib.

İtaliya Qazaxıstanın əsas ticarət tərəfdaşları siyahısında 16,1 milyard dollar ticarət dövriyyəsi ilə üçüncü yeri tutub. Ötən il bu göstəricidə 8 faizlik artım qeydə alınıb. Cənubi Koreya 6 milyard dollarlıq ticarət dövriyyəsi ilə dördüncü yerə yüksələrək Türkiyəyə çatıb. 2023-cü ildə qardaş ölkənin Qazaxıstanla ticarət dövriyyəsi 4,8 faiz azalıb. Siyahıda beşinci yerdə qərarlaşan Niderlandla Qazaxıstanın ticarət dövriyyəsi isə 24 faiz azalaraq 4,4 milyard dollar təşkil edib.

Ticarət Siyasətinin İnkişafı Mərkəzinin məlumatına görə, 2023-cü ildə Qazaxıstanın ümumi ticarət dövriyyəsinin həcmi öncəki illə müqayisədə 3,2 faiz artaraq 139,8 milyard dollara çatıb. Onun 78,7 milyard dolları ixracın (7 faiz azalma), 61,1 milyard dollari isə idxalın (20,1 faiz artım) payına düşüb.