Son illər ölkədə “yaşıl iqtisadiyyat”ın inkişafı ilə bağlı mövcud potensialın reallaşdırılması istiqamətində qanunvericilik sahəsində müasir dövrün tələblərinə uyğun islahatlar aparılır, dekarbonizasiya, yaşıl investisiyaların cəlbi, “yaşıl maliyyələşdirmə” təşəbbüslərinin dəstəklənməsi istiqamətlərində mühüm addımlar atılır.
AZƏRTAC xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər naziri vəzifəsini icra edən Muxtar Babayev Bakıda “Davamlı iqtisadiyyat üçün strateji hədəflər” mövzusunda keçirilən forumda deyib.
O bildirib ki, reallaşdırılan tədbirlər öz nəticəsini verməkdədir: “Belə ki, 2019-cu ildən etibarən mərhələlərlə elektrik və hibrid mühərrikli avtomobillərə, eyni zamanda, enerji doldurucularına vergi güzəştləri tətbiq olunmağa başlanılıb. Güzəştlər tətbiq olunandan sonra elektromobillərin idxalında artım müşahidə edilir. 2023-cü ildə 2021-ci illə müqayisədə 20 dəfəyədək daha çox elektromobil idxal olunub”.
Muxtar Babayev qeyd edib ki, bu yaxınlarda qəbul olunan köhnə və istifadəyə yararsız nəqliyyat vasitələrinin utilizasiyası proqramı çərçivəsində avtomobil sahiblərinə güzəştlər təklif etməklə yerli avtomobil istehsalı, ekoloji dayanıqlıq və təkrar emal təşviq edilir: “Çirkləndirən ödəyir” prinsipinə əsaslanaraq, istehsal fəaliyyəti nəticəsində təbiətə dəyə biləcək ziyan kompensasiya edilməlidir. Bir çox inkişaf etmiş ölkələrdə ətraf mühitə çirkləndiricilərin atılmasına, həmçinin karbon emissiyalarının buraxılmasına görə karbon vergisi tətbiq olunur. Azərbaycanda 1992-ci ildən qüvvədə olan Ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərin tətbiqi Qaydalarına 2022-ci ildə müvafiq dəyişikliklər edilmişdir. Əvvəlki ödəmə normativləri hazırkı dövrün tələblərinə cavab vermirdi və ölkənin iqtisadi inkişafı ilə uzlaşmırdı. Yeni ödənişlərin tətbiqi müəssisələrdə ətraf mühitin mühafizəsi ilə bağlı məsuliyyət hissini artırmaqla yanaşı, çirkləndiricilərin uçotunun təmin olunmasına zəmin yaratdı. Burada əsas məqsəd müəssisələri atılan tullantıların azadılmasına və ətraf mühitə vurulan ziyana görə ödəmələr əvəzinə müəssisənin müasir texnologiyaların tətbiqinə investisiyaların qoyulmasına təşviq etməkdir”.