10 ildən artıq fəaliyyəti ərzində ölkədə kapital bazarının inkişafına mühüm töhfə verən “PAŞA Kapital” öz lider mövqeyini qorumaqdadır. Belə ki, şirkət həm dövriyyə həcmi, həm də qiymətli kağızlar bazarının sabit gəlirli maliyyə alətlərinin əksər seqmentləri üzrə ilk pillədə qərarlaşıb.
Bakı Fond Birjası tərəfindən cari ilin yanvar-noyabr ayları üçün açıqlanan hesabata əsasən, “PAŞA Kapital” 17 milyard 450 milyon manata yaxın dövriyyə həcmi və 44% bazar payı ilə Azərbaycan bazarının ən iri investisiya şirkəti mövqeyində möhkəmlənib.
Həmçinin, hesabat dövrü ərzində şirkət Mərkəzi Bankın notları, Dövlət istiqrazları və Repo bazarlarında, eləcə də anderraytinq xidmətləri üzrə aparılan əməliyyatların həcminə görə yerli bazarın lideri kimi fərqləndirilib.
Qeyd edək ki, “PAŞA Kapital” yerli və beynəlxalq investorlar daxil olmaqla, fərdi və korporativ müştərilərə investisiya xidmətləri göstərir. Şirkət brokerlik, portfelin idarə edilməsi, anderraytinq, maliyyə məsləhətləri və tədqiqat, eləcə də, marja ticarəti sahəsində öz xidmətlərini təklif edir.