Aviasərnişinlərin hüquqlarını müdafiə edən beynəlxalq təşkilat – “AirHelp” dünyanın hava limanlarının və aviaşirkətlərinin reytinqini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Danimarkanın “AirHelp” şirkəti illik reytinqi 194 hava limanının infrastrukturunun təhlili əsasında tərtib edib. “AirHelp”, həmçinin xidmətin keyfiyyəti, reyslərin ləngiməsinin orta sayı, eləcə də müştərilərdə yaranan problemlərin həlli kimi göstəriciləri dəyərləndirib.

Dünyanın ən yaxşı aeroportu adına 8,54 bal reytinqlə Omanın Məsqət hava limanı layiq görülüb. İkinci yerdə Braziliyanın Resifi şəhərindəki Jilberte Freyre beynəlxalq aeroportu (8,49), üçüncü yerdə isə Cənubi Afrika Respublikasının Keyptaun beynəlxalq hava limanıdır (8,48). Reytinqdə sonuncu sıranı 6,39 balla İndoneziyanın Syamsudin Nur hava limanı tutub.

“AirHelp Score 2023” bütün dünya üzrə kommersiya aviasiyası sahəsində fəaliyyət göstərən 84 aviaşirkəti də dəyərləndirib.

Ən yaxşı aviaşirkət adına 8,38 bal nəticə ilə “Qatar Airways” layiq görülüb. Reytinqin ikinci pilləsində Almaniyanın “Eurowings” loukosteridir (8,27). Üçlüyü Polşanın “LOT” aviayolları (8,11) qapayır. Sonuncu yeri isə 4,12 balla Tunisin “Tunisair” aviaşirkəti tutur.