“Binance” kriptovalyuta birjasının istifadəçiləri son sutka ərzində hesablarından 1 milyard dollarlıq vəsaiti çıxarıb.
AZƏRTAC xəbər verir ki, CNBC telekanalı bu barədə “Nansen” analitika kompaniyasına istinadla məlumat yayıb.
İstifadəçilər tərəfindən vəsaitin çıxarılmasına “Binance” birjasının Baş direktoru Çanpen Çjaonun istefası səbəb olub. Eyni zamanda bank məxfiliyi barədə qanunu pozmaqda ittiham edilən kriptovalyuta birjası 4,3 milyard dollar cərimələnib.
“Nansen” analitika kompaniyasının məlumatına görə, itkilərə baxmayaraq, “Binance” kriptovalyuta birjası hələ də 65 milyard dollardan çox aktivə malikdir ki, bu da onu qəfil kapital itkisinə kifayət qədər davamlı edir.
Qeyd edək ki, rəqəmsal aktivlərin ticarəti üzrə dünyanın aparıcı sistemi olan “Binance” kriptovalyuta birjası 2017-ci ildə çinli Çanpen Çjao tərəfindən təsis edilib. 2021-ci ildə ÇXR hakimiyyət orqanları ölkədə kriptovalyuta əməliyyatları xidmətlərinin göstərilməsi ilə mübarizə məqsədilə birjanın saytını və mobil tətbiqini bloklayıb.