Təl-Əviv Fond Birjası İsraildə keçirilən məhkəmə islahatlarına qarşı ümummilli etirazlara qoşulmaq qərarına gəlib.

“Report” TASS-a istinadən xəbər verir ki, birja martın 28-də bağlı olacaq, ticarət sessiyası artıq ləğv edilib.

“The Jerusalem Post” nəşrinin yazdığına görə, birja ölkənin ən böyük həmkarlar ittifaqı olan və bu gündən Netanyahu hökumətinin məhkəmə islahatları aparmaq planlarına qarşı çıxış edərək ümummilli tətil elan edən “Histadrut”un çağırışına səs verib.

Bundan əvvəl ölkənin tibb müəssisələri, dövlət qurumları, nazirlik və idarələri artıq tətilə qoşulub, İsrailin xaricdəki səfirlikləri isə fəaliyyətini dayandırıb. Bir sıra universitetlər, İsrail poçtu, ölkənin aparıcı bankları, Təl-Əvivdəki ən böyük ticarət mərkəzləri də işləmir.