2022-ci ilin 8 ayı ərzində (yanvar-avqust) “Ata Sığorta”, “Azərsığorta” (Dövlət Sığorta Kommersiya Şirkəti), “Günay Sığorta” və “Meqa Sığorta” şirkətlərinin hesabladıqları sığorta haqları azalıb.

Marja.az xəbər verir ki, digər şirkətlərin hesabladıqları sığorta haqları isə artıb.

Özəl şirkətlər arasında ən çox azalma “Ata Sığorta”da baş verib. Şirkətin hesabladığı sığorta haqları 2,7 dəfə azalıb.

“Günay Sığorta”nın hesabladığı sığorta haqları 32,7%, “Meqa Sığorta”nın hesabladığı sığorta haqları isə 8,8% düşüb.

Dövlət Sığorta Kommersiya Şirkətinin hesabladığı sığorta haqlarındakı geriləmə dövlət icbari şəxsi sığortalarının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsilə bağlıdır.

Ən çox sığorta haqları hesablamış şirkətlər “PAŞA Həyat Sığorta”, “PAŞA Sığorta”, “Atəşgah Həyat Sığorta”, “Qala Sığorta” və “Xalq Sığorta”dır.

2022-ci ilin 8 ayı ərzində 20 sığorta şirkəti tərəfindən cəmi 654 milyon 918 min manat sığorta haqları hesablanıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 74 milyon 321 min manat və ya 12,8% çoxdur.