Kənd təsərrüfatı robotlarının istehsalı ilə məşğul olan “Iron Ox50” şirkəti 50 milyon dollar investisiya cəlb edib.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Verilən məlumata görə, maliyyələşdirməyə “Microsoft”un qurucusu Bill Qeytsin “Breakthrough Energy Ventures” fondu rəhbərlik edib. “Iron Ox” robot təsərrüfatlarının ənənəvi təsərrüfatlara nisbətən 90% daha az su istehlak edəcəyi qeyd olunur.

Şirkət Kaliforniyada 930 kvadrat metrlik istixanada robotları işə salmaq istəyir. Məsələn, özü-özünü idarə edən “Grover” robotu reyhan yeşiklərini daşıyacaq, robotlaşdırılmış manipulyatorlar sistemi isə onların yoxlanışını aparacaq.

Datçiklər suyu azot və turşuluq kriteriyaları üzrə yoxlayır. Beləliklə, bitkilərin aktiv böyüməsi üçün nəyin çatışmadığı avtomatik olaraq müəyyən edilir. Bildirilir ki, bu halda istifadə olunmayan su təkrar istifadə üçün yenidən sistemə qayıdır.

Qeytsdən başqa startapa “Crosslink Capital”, “R7 Partners” və “Pathbreaker Ventures” sərmayə qoyub.

“Iron Ox” Tailand reyhanı və çiyələk yetişdirir, hal-hazırda kişniş və pomidor istehsalı üzərində çalışır. Şirkət eyni zamanda Texasda yeni istixana qurur və torpaqsız bitkilər yetişdirərək su qənaətinə bahis edir. “Iron Ox”un baş direktorunun sözlərinə görə, hidroponika – kənd təsərrüfatının gələcəyi ilə bağlı tapmacanın yalnız bir parçasıdır.

Kənd təsərrüfatı Kaliforniya iqtisadiyyatında mühüm rol oynayır, lakin su istifadəsi getdikcə diqqət mərkəzindədir. 2012-2017-ci illərdəki son böyük quraqlıq fermerlərin işini çətinləşdirib və meşə yanğınlarına səbəb olub.

“Breakthrough Energy Ventures” vasitəsilə Qeyts bir neçə qida biznesinə sərmayə qoyub. Onlara “Beyond Meat”, “Impossible Foods”, “Memphis Meats” və “Pivot Bio” daxildir.