“İran Air” aviaşirkətinin Baş direktoru Əlirza Bərxor “Boeing”in rəhbərliyinə məktub yazaraq beynəlxalq qanunlara hörmətlə yanaşmağı və şirkətin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb.

AZƏRTAC xəbər verir ki, 2015-ci ildə “Nüvə razılaşması” imzalandıqdan sonra Barak Obamanın rəhbərlik etdiyi ABŞ administrasiyası İrana qarşı tətbiq olunan bir sıra sanksiyaları aradan qaldırdı. Bundan istifadə edən İran həddən artıq köhnəlmiş sərnişin təyyarələrini yeniləmək qərarına gəldi və “Boeing” şirkəti ilə 80 təyyarənin alınması haqqında müqavilə imzaladı. Lakin Donald Trampın ABŞ Prezidenti seçilməsindən sonra İran ilə münasibətlər daha da gərginləşdi. Rəsmi Vaşinqton sanksiyalar siyahısını genişləndirdi və İranın aviasiyası da sanksiyalar siyahısına əlavə edildi. Bununla da “Boeing” şirkəti İrana təyyarə satmaqdan imtina etdi.

İranın beynəlxalq təşkilatlara müraciətinə və şikayətinə baxmayaraq, ABŞ şirkəti sanksiyaları əsas tutaraq müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədi.

“İran Air” şirkətinin rəhbərinin məktubunda “Boeing”dən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələb olunub.