Aprelin 5-6-da Azərbaycan Respublikasının Mərkəzi Bankı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Bakı Fond Birjası və “Ernst&Young” (EY) şirkəti tərəfindən kiçik və orta biznes (KOB) subyektləri üçün “Qiymətli kağızların buraxılışı, fond birjasında listinq və ilkin kütləvi təklif” mövzularında sertifikatlı onlayn təlim keçiriləcək.

Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, 2 günlük təlimdə bankın və Bakı Fond Birjasının əməkdaşları tərəfindən kapital bazarı ilə bağlı ümumi məlumat, qiymətli kağızların buraxılışı, birjada listinqə daxilolma proseduru, fond birjasında listinqin üstünlükləri və listinqə müraciət edən şirkətlər üçün nəzərdə tutulan güzəştlərlə bağlı ətraflı məlumat veriləcək.

Eyni zamanda, EY əməkdaşları tərəfindən “İlkin Kütləvi Təklif”, KOB subyektlərinin üzləşdiyi ümumi problemlər, təklif olunan həll yolları və Avropa Yenidənqurma və İnkişaf Bankının “Maliyyə idarəçiliyinin inkişafı proqramı” mövzularında çıxış nəzərdə tutulur. Həmçinin Bakı Fond Birjası “Listinq məsləhət proqramı” çərçivəsində yerli şirkətlərin kapital bazarından maliyyələşmə sahəsində təcrübələrini təlimdə iştirak edəcək şirkət nümayəndələri ilə bölüşəcək.

Qeyd edək ki, Mərkəzi Bank tərəfindən kapital bazarı sahəsində məlumatlıq səviyyəsinin artırılması, yerli biznes mühitində kapital bazarından maliyyələşmənin təbliği və fond birjasında listinqin təşviq edilməsi məqsədilə mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir.