Rusiya Prezidenti Vladimir Putin əmək miqrantlarının tikinti sahəsinə cəlb edilməsi prosedurunun asanlaşdırılması barədə tapşırıq verib.

AZƏRTAC xəbər verir ki, Rusiya Prezidenti müxtəlif ölkələrdən, o cümlədən MDB dövlətlərindən tikinti sahəsində çalışmağa gələn miqrantlar üçün sənədlərin rəsmiləşdirilməsi qaydalarının asanlaşdırılmasını tapşırıb. Hökumət bunla bağlı təkliflərini martın 1-dək hazır etməlidir.

Bundan əvvəl, Rusiya hökuməti sədrinin birinci müavini Andrey Belousov bildirmişdi ki, ölkənin inşaat sahəsində kadr çatışmazlığı kəskin hiss olunur.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, bu il ölkədə əcnəbi işçi qüvvəsi regionlardan asılı olaraq 20-50 faiz azalıb. Ötən ilin noyabrına olan məlumata əsasən, Rusiyada 1 milyon 880 min əmək miqrantı fəaliyyət göstərib. 2019-cu ildə bu rəqəm 2 milyon 350 min nəfər təşkil edirdi.