Türkiyədə son 12 ayda qiymətlər orta hesabla 14,03%, ərzaq qiymətləri isə 21,08% artıb.

Türkiyə Statistika Komitəsinin açıqladığı məlumatlara görə, istehlakçı qiymətləri indeksi (inflyasiya) Noyabrda ötən ilin eyni dövrü ilə müqayisədə 14,03% artım qeyd edib. Aylıq müqayisədə artım isə 2,3% olub.

Marja xəbər verir ki, noyabrda illik inflyasiya 2020-ci ilin ən yüksək səviyyəsində reallaşıb.

İqtisadçıların proqnozu qiymətlərdə illik 12,7%, aylıq  1,1% artım olacağı istiqamətində idi.

Noyabrda baza inflyasiya illik 13,26% qeydə alınıb. Oktyabr ayında bu rəqəm 11,48% olmuşdu.

Ərzaq qiymətlərində ötən  ilin eyni dövrü ilə müqayisədə 21,08%-lik artım reallaşıb.

Məlumat açıqlandıqdan sonra Türk lirəsi ucuzlaşıb. Dollar/TL məzənnəsi 0,7% artaraq 7.91 səviyyəsini aşıb.

Noyabrda illik olaraq ən çox artım 29,42% ilə müxtəlif mal və xidmətlər qrupunda olub. Nəqliyyat qrupundakı illik artım 18,67% olaraq qeydə alınıb. İllik ən aşağı artım 0,67% ilə spirtli içkilər və tütün qrupunda reallaşıb. Ötən ilin eyni ayı ilə müqayisədə artımın aşağı olduğu digər quruplar – 0,99% ilə geyim və ayaqqabı, 5,19% ilə rabitə və 7% ilə təhsildir.

Qiyməti ən çox artan məhsullar isə 66,7% ilə pomidor, 25,18% ilə balqabaq və 24,35% ilə gül kələm olub.