İşğaldan azad olunan şəhər və rayonlarımızda yük daşınması, avtobus və taksilərlə sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə avtomobillərə xidmət etmək üçün təmir sexləri, texniki qulluqların aparılması sahələri, yanacaq doldurma məntəqəsi, avtoyuma məntəqəsi və avtomobillərin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün digər sexlər və duracaq sahələri olan avtonəqliyyat təsərrüfatının təşkil edilməsi nəzərdə tutulub.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən AZƏRTAC-a bildirilib ki, nəzərdə tutulan işlər dövlət-özəl sektor tərəfdaşlığı layihələrinin tərkib hissəsi kimi reallaşdırılacaq. Bu, həmçinin özəl sektor üçün yeni investisiya imkanlarının yaranması və böyük layihələrin idarə edilməsi ilə bağlı təcrübələrin formalaşmasına geniş təkan vermiş olacaq.

Bu məqsədlə Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən avtomobil nəqliyyatına dair təklif olunan infrastruktur obyektlərinin nümunəvi tikinti-layihə sənədləri hazırlanır.