Bu ilin iyul ayında ABŞ-da yeni evlərin satışı iyun ayında düzəliş edilən göstərici ilə müqayisədə 13,9% artaraq 901 minə çatıb.

APA-Economics”in “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Ticarət Nazirliyinin siyahıyaalma bürosunun hesabatında deyilir.

Analitiklər iyun ayının ilkin göstəricisi ilə (785 min) müqayisədə artımın 1,3% olacağını gözləyirdi. Ötən ayın göstəricisi yuxarıya doğru yenidən nəzərdən keçirilib – 776 mindən 791 minə.

Göstəricinin 661 min olduğu 2019-cu ilin iyul ayı ilə müqayisədə isə ötən ay ABŞ-da yeni evlərin satışları 36,3% artıb.

Qeyd edək ki, yeni evlərin satış həcmi (New Home Sales) əmlak bazarı və bütövlükdə iqtisadiyyatın vəziyyətinin vacib göstəricisidir. Onun artması yeni ev sahiblərinin mebel və kommunal xidmətlər üçün xərclərinin artmasına səbəb olur və bu da, öz növbəsində, mallara, xidmətlərə və işçi qüvvəsinə tələbi stimullaşdırır. Bundan əlavə, ABŞ-da bütün tikinti işlərinin yarıdan çoxu mənzil fondundadır. Beləliklə, yaşayış sahələrinin satış dinamikası zəncir boyunca iqtisadiyyatın digər sahələrinə ötürülür.