Bəzi bankların kreditin bağlanması ilə bağlı verdiyi arayışların ödənişli olması, vətəndaşlarda narazılıq yaradan məsələlərdən biridir. Belə ki, bir sıra banklar kredit öhdəliyinin bitməsini təsdiq edən sənədin verilməsi üçün müəyyən məbləğdə ödəniş tələb edir.

MediaPost” xəbər verir ki, belə şikayətlərdən biri “AccessBank” müştərilərisi Elçin Məmmədov tərəfindən edilib. Belə ki, bank tərəfindən kredit ödənişi üzrə öhdəliyin başa çatmasını təsdiq edən arayışın verilməsi üçün Eş Məmmədovdan 20 AZN ödəniş tələb olunub. Vətəndaşları maraqlandıran sual isə kredit ödənişləri bitdikdən sonra da kreditin bağlanması ilə əlaqədar kağız parçasının hansı əsasla ödənişlə verilməsidir.

Hüquqşünas ekspert Əkrəm Həsənov “MediaPost“a açıqlamasında bu tələbin qanunsuz olduğunu bildirdi:

“Bu, problemli məsələlərdən biridir və bir çox müştərilərdə sual yaradır. Sözügedən arayış pullu olmalı deyil. Mülki Məcəllənin “öhdəliyin icrasının qəbulu” adlı 529-cu maddəsininin birinci bəndində deyilir ki, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Bu, qanunla kreditorun borcudur. Əgər borclu borcun icra edilməsi ilə bağlı hər hansı bir sənədin verilməsini tələb edirsə, həmin şəxsə sənəd verilməldir. Buna görə, pul tələb etmək olmaz və ödəniş tələbini qanunsuz adlandıra bilərik. Belə hallarda, müştəri iddia qaldıra bilər, lakin artıq xərcin yaranmaması üçün ilk olaraq Mərkəzi Banka şikayət göndərmək daha məqsədəuyğundur”.