Koronavirus ilə əlaqədar zərər çəkən sahələrdə fəaliyyət göstərən biznes subyektlərinin mövcud bank kreditlərinin faizlərinin bir hissəsi dövlət tərəfindən ödəniləcək. Həmçinin, bundan sonra yeni veriləcək biznes kreditlərinin 60%-nə dövlət zəmanət verəcək, faizinin 50%-ni ödəyəcək.

 

Marja-nın məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayı Cabbarov bildirib.

 

Nazir qeyd edib ki, əsas diqqət biznes kreditlərinə yönəldiləcək. İstehlak kreditləri ödənişlərinə də möhlətlərin verilməsi və restrukturizasiya gündəmdədir:

 

“Hazırlanmış proqramlardan biri “1 milyard manatlıq möcvud kredit portfelinə dəstək proqramı”dır.Bu proqramın mahiyyəti ondan ibarətdir ki, bir sıra sahibkarların və müəssisələrin bank kreditləri var, məqsəd bu bank kreditləri portfelinin keyfiyyətinin qorunub saxlanılmasıdır. Dövlət meyarlara cavab verən, mənfi təsirə uğrayan şirkət və sahibkarların kreditləridə faiz yükünə kömək edəcək. Bir şərtlə ki, biznes krediti 9-10 mart 2020-ci il tarixindən əvvəl götürülmüş olsun. Azərbaycanda əksər biznes kreditləri 10-14% civarındadır.  Dövlət Sahibkarlığa Yardım Fondu vasitəsilə faizlərin ödənilməsinə dəstək verəcək. Faiz dərəcəsinin 10%-lik hisəsini (10 faiz bəndini, məsələn 14%-dən, 10%-ni- red) dövlət ödəyəcək. Bu “1 milyard manatlıq mövcud kredit portfelinə dəstək proqramı”nı sahibkarlara dəstək kimi görürük.”

 

Nazir qeyd edib ki, digər proqram “Yeni verilən kreditlərə dəstək proqramı”dır:

 

“Real sektorun kreditləşdirilməsi hər zaman prioritetimizdir. Biz istəyirik ki, bundan sonra da bank sektorunda canlanma baş versin və real sektorun maliyyələşməsi davam etsin. Bu məqsədlə, yeni verilən kreditlərə dəstək proqramı hazırlanıb. Proqrama görə, kreditin 60%-i dövlət zəmanəti ilə təmin ediləcək. Həmçinin 15%-ədək verilən biznes kreditinin faizinin yarısının ödənişini, yəni 15%-in 7,5%-ni Sahibkarlığa Yardım Fondu öz üzərinə götürə bilər. Beləliklə, biz toplam məbləğə baxsaq 1 milyard manatlıq dəstək proqramından deyil, 2,5 milyard manatlıq dəstək proqramından danışırıq. Bu da Azərbaycanın ümumi daxili məhsulunun 3%-ni təşkil edir”.

 

İqtisadiyyat naziri əlavə edib ki, ola bilsin ki, istehlak kreditləri üzrə dəstək verilsin: “Burada biz tətillərin verilməsindən və restrukturizasiyadan danışa bilərik”.

 

Nazirin kredit dəstəkləri üzrə çıxışına 27-ci dəqiqədən sonra qulaq asa bilərsiniz.